Azərbaycanın daha bir media qurumuna Rusiyada blok qoyulub. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) oxu.az saytını ölkə ərazisində bloklayıb.
Oxu.az saytının bununla bağlı açıqlamasında saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur, “Roskomnadzor”un bu addımının qərəzli və qanunsuz olduğu vurğulanır. Qeyd edək ki, bundan əvvəl haqqin.az və minval.az saytları da Rusiya ərazisində bloklanıb.
Rusiyanın bu davranışları tam olaraq söz azadlığının boğulması anlamına gəlir. Ən əsası isə Azərbaycanla olan müttəfiqlik münasibətlərinə ziddir. Rusiya bu addımını Ukrayna ilə apardığı müharibə ilə əlaqələndirir. Heç də uzaq olmayan keçmişdə biz Ermənistanla müharibə apardığımız dönəmdə Rusiya KİV-lərinə qarşı analoji davranışları ortaya qoymadıq. Baxmayaraq ki, onların KİV-ləri bizdən fərqli olaraq açıq şəkildə tərəfkeşlik edərək, Ermənistana informasiya dəstəyi verirdilər. Hətta Rusiyanın “Sputnik”, “regnum.ru”, “kommersant.ru” və hətta dövlət televiziyasının bəzi proqramlarında açıq-aşkar erməniləri dəstəkləyirdilər, informasiyaları yanlış təhlil edirdilər, saxtalaşdıraraq Ermənistan üçün əhəmiyyətli olan formada təqdim edirdilər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan medianın azadlığı prinsipinə hörmət edərək onlara media məkanında heç bir məhdidiyyətlər təbiq etmədi.
İndi Rusiyanın media ilə bağlı davranışları istər beynəlxalq, istərsə də milli qanunvericiliyə ziddir. Çünki əməlli-başlı informasiya senzurası tətbiq etməkdədir. Nəinki daxili, eyni zamanda xarici media resurslarını da bloklayıblar. Əlbəttə, müharibə vaxtı bütün ölkələrdə məhdudiyyət tətbiq olunur. Lakin ictimai rəyi çaşdırmaq üçün bütövlükdə medianı belə boğmaq qəbuledilməzdir.
Azərbaycanın informasiya resurlarının Rusiyada bloklanması isə heç başa düşülən deyil. Ən azı ona görə ki, Azərbaycan müharibədə tərəf deyil. Bizim jurnalistlər obyektiv yanaşma sərgiləyirlər. Belə anlaşılır ki, Rusiyaya obyektiv, ədalətli yanaşma sərf etmir. Buna görə də, bizim resursları əngəlləyir. Bunun adı senzuradır və heç də Rusiyaya hörmət gətirməyəcək.
Məhəmmədəli QƏRİBLİ