Ermənistan saytlarından biri Azərbaycanın 31-ci ildir işğal altında qalan Xocalı şəhərindən rus dilində reportaj hazırlayıb. Sosial şəbəkələrin erməni seqmentində paylaşılan reportajda deyilir ki, erməni generalı Xristofor İvanyanın soyadı verilmiş Xocalıda “Hayastan” fondu hesabına tikilmiş uşaq bağçası, qanunsuz “administrasiya” binası, məktəb var. Son illər Xocalıda çaxır zavodu da tiklib. İstilik təsərrüfatları inkişaf edib.
Erməni müxbirin sözlərinə görə, Xocalı bu gün tikinti meydançasını xatırladır. Şuşa, Hadrut və s. yerlərdən köçmüş ermənilər üçün çoxmənzilili binalar tikilir. Xatırladaq ki, fevralın 26-da Rusiyanın 366-cı alayının iştirakı ilə həyata keçirilmiş Xocalı soyqırımının 30-cu ili tamam oldu.
Maraqlıdır ki, bizim sosial media seqmentində ermənilərin Xocalını boşatdığına dair məlumatlar yayıldığı halda, ermənilərin orada tikinti bumu həyata keçirdikləri məlum olur. Bu ziddiyyətli məqamları necə izah etmək olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, bu günlərdə sosial şəbəkələrdə ordumuzun guya Xocalını azad etməsi haqda dezinformasiyalar yayılmışdı: “Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin bir hissəsini çıxarıb Ukraynaya aparması ilə bağlı məlumatlar yayılandan sonra belə spekuliativ xəbərlər yayılmağa başladı.
Təbiidir ki, belə məlumatlar ictimai rəydə maraqla izlənir. Hətta belə fikirlər var idi ki, Qarabağdakı rus sülhməramlılarını türk sülhməramlıları əvəz edə bilər.
Rusiya bütün hərbi kontingentini çıxardıb orada az sayda hərbçi saxlasa da, Azərbaycan götürdüyü öhdəliklərə uyğun olaraq həmin ərazilərə qoşunla daxil olmayacaq. Çünki üçtərəfli sazişə əsasən, sülhməramlıların Qarabağa gəlişi hərbi güclə yox, mandatla təsdiqlənib. Rusiyanın başı Ukraynada apardığı müharibəyə qarışsa da, biz üçtərəfli sazişin yerinə yetirilməsini tələb etməliyik. Biz çalışırıq ki, Qarabağda yaşayan ermənilər mütləq mənada Azərbaycanın suverenliyini qəbul etsin. Artıq ermənilər bunun zəruriliyini büruzə verirlər. Onlar heç Xankəndidə adi sosial problemləri həll edə bilmirlər. Buna görə də, Xocalıdakı tikinti işləri bizi gərək narahat etməsin. Azərbaycan mütləq mənada bütün Qarabağda yaşayan ermənilərə ölkəmizin vətəndaşlığını qəbul etdirməyə nail olacaq. Bunu istəməyən separatçılar isə həmin əraziləri tərk etməyə məcbur olacaq. Ermənilər Qarabağda məhz Xocalıya böyük diqqəti təsadüfən etmir. Azərbaycan Xocalıda ermənilərin törətdiyi qətliama görə dünyada aktiv təbliğat aparıb. Bütün dünya bilir ki, ermənilər Xocalıda qətliam törədib. Dünya ictimai rəyinə çatdırmaq istəyirlər ki, güya Xocalı onlara aiddir. Xocalıda hər zaman azərbaycanlılar yaşayıb. Ermənilərin orada süni məskunlaşma aparması heç nəyi dəyişməyəcək. Azərbaycan bir daha tələb etməlidir ki, xaricdə fəaliyyət göstərən “Hayastan” fondunun Qarabağdakı fəaliyyətinə son qoyulsun. Sülhməramlılar mütləq mənada bu öhdəliyi yerinə yetirməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ