Ukrayna prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Avropalı siyasətçilər bununla bağlı mükafat komitəsinə müraciət ediblər. Bu barədə Nobel Komitəsinə açıq məktubda deyilir. Qeyd edək ki, bütün namizədlərin adı fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş edirlər.
Avropa siyasilərinin bu addlmından müxtəlif nəticələr çıxarmaq olar. Birincisi, sanki bununla baş qatıb, diqqəti əsas məqamdan yayındırırlar. Zelenski bunlardan Ukraynanın hava məkanını bağlamağı, konkret hərbi yardım istəyir, Avropa ona Nobel mükafatı təklif edir. Çox maraqlıdır, görəsən həmin təklifi edənlər qısa müddət ərzində regionumuzda təhlükəsizliyi təmin edən, BMT qətnamələrinin icrasını həyata keçirən Prezident İlham Əliyevlə bağlı niyə bənzər təklifi irəli sürmürlər? Hər halda, İlham Əliyev konkret nəticə əldə edib, ancaq Ukraynada müharibə hələ bitməyib.
Politoloq Qabil Hüseynli “ Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, deyilən təklifdə obyektivlik hiss edilmir:”Zelenski hansı nəticələrə nail olub, nə edib ki, ona Nobel mükafatı da verirlər? Ancaq İlham Əliyev 44 günlük müharibə ərzində ciddi nəticələrə imza atdı. Müqayisə etsək, Zelenskinin gördüyü işlərdən 10 dəfə çoxdur və faydalıdır. Söhbət doğrudan da sülhyaratma prosesindən, ölkədə münaqişənin səngidilməsindən, dünyada təhlükəsizliyin təminatından gedirsə, İlham Əliyevin verdiyi töhfə qat-qat böyükdür. Buradan bir daha Qərb, xristian dünyasının qeyri-obyektivliyi nəzərə çarpır. Müsəlman dünyasına qarşı bəslədikləri ikili standart aydın görünür. Bunu hətta dünyanın çox böyük günahı saya bilərik. Bu, özlərini mədəni dünya adlandıranların Nobel kimi mükafatı gözdən salmasından xəbər verir. Bununla eyni zamanda dünyadakı obyektivlik hisslərinə ciddi zərbə vururlar”.
Məhəmmədəli QƏRİBLİ