Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) Azərbaycanın bəzi rusdilli informasiya resurslarına girişi tamamilə məhdudlaşdırıb.
Martın 16-dan etibarən bütün Rusiya provayderlərinin Rusiya Federasiyasının hər yerində həmin saytlara girişi məhduddur. “Roskomnadzor” qərarını maraqlı motivlərlə izah edib. Rusiya hökuməti tələb edir ki, Ukraynada elan olunmamış müharibə və suveren dövlətin ərazisinə müdaxilə “xüsusi əməliyyat” adlandırılsın. Azərbaycanda Rusiyanın bu addımına birmənalı münasibət yoxdur. Bəziləri bunu ölkəmizə təzyiq, söz azadlığına müdaxilə, bəziləri isə müharibə aparan dövlətin ehtiyat tədbiri kimi qiymətləndirir:
Azər Həsrət: “Belə anlaşılır ki, Rusiyaya obyektiv, ədalətli yanaşma sərf etmir”
Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın media ilə bağlı davranışları istər beynəlxalq, istərsə də milli qanunvericiliyə ziddir: “Çünki əməlli-başlı informasiya senzurası tətbiq etməkdədirlər. Nəinki daxili, eyni zamanda xarici media resurslarını da bloklayıblar. Biz demirik ki, müharibə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilməsin. Əlbəttə, müharibə vaxtı bütün ölkələrdə məhdudiyyət tətbiq olunur. Lakin içtimai rəyi çaşdırmaq üçün bütövlükdə medianı belə boğmaq qəbuledilməzdir. Bizim informasiya resurlarımızın Rusiyada bloklanması heç başa düşülən deyil. Azərbaycan müharibədə tərəf deyil. Bizim jurnalistlər obyektiv yanaşma sərgiləyirlər. Belə anlaşılır ki, Rusiyaya obyektiv, ədalətli yanaşma sərf etmir. Buna görə də bizim resursları əngəlləyir. Bunun adı senzuradı. Məhz buna görədir ki, bütün dünya Rusiyanı azad sözü boğmaqda ittiham edir”.
Şəmsəddin Əliyev: “Rusiyanın bu addımı sırf Azərbaycana qarşı deyil”
Hüquqşunas Şəmsəddin Əliyev isə tam fərqli düşünür. O, “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın bu addımı sırf Azərbaycana qarşı deyil: “Biz də müharibə aparanda informasiya təhlükəsizliyi ilə bağlı ciddi addımlar atdıq. Burada hər hansı bir qərəz görmürəm. Bəzi qruplar bunu Rusiyanın bizə qarşı olan pis münasibəti kimi yozmaq istəyir. Ehtimal bizə əsas vermir ki, indiki şəraitdə qonşumuz olan bir dövləti özümüzə düşmən elan edək. Rusiya hazırda bütün Avropa ilə informasiya müharibəsi aparır. Belə olan halda müəyyən ehtiyat tədbirlərinə əl atması öz daxili işidir. Bəzi dairlər çalışır ki, hər xırda detalı əlində tutub ölkələrimiz arasındakı münasibətlərə xələl gətirsin. Rusiya bəzi qlobal sosial şəbəkələrə girişi də bloklayıbsa, deməli atdığı addım sırf bizə yönəlməyib. Əminəm ki, müharibə bitən kimi Rusiya bizim saytların da üzərindən bloklanmanı götürəcək. Müharibə şəraitində ölkələr bir qədər fərqli qanunlarla idarə olunur. Həmin reallıqdan doğan haldır”.
Məhəmmədəli QƏRİBLİ