“Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq”. Bunu Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa Çempionatının iştirakçılarını qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, həm xalqımız, həm də bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və ölkə rəhbərliyinin məsuliyyətini görür: “Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdi, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər. Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür”.
Prezidentin müharibəni ləyaqətlə aparmaqla, rəhbərliyin məsuliyyəti ilə bağlı açıqlaması nə deməkdir və kimlərə mesajdır?
“Ancaq 44 günlük müharibə zamanı Ermənistanın yaşayış məntəqələrini bombalamasını görməzdən gəldilər”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bununla bağlı bir sıra məqamlara toxundu: “Biz doğurdan da 44 günlük müharibəni çox ləyaqətlə apardıq. Prezident bunu deməklə onu nəzərdə tutur ki, biz mülki şəxslərə, uşaqlara hücum etmədik. Bunu edən ermənilər oldu və beynəlxalq aləm bunu gördü. Ancaq Ukraynaya hücum edən Rusiya mülki yaşayış məntəqələrini hədəf alır. Uşaqların yerləşdiyi sığınacağı bombalayır. Hər gün Ukraynada nə qədər uşaq qətlə yetirilir. Beynəlxalq ictimaiyyət Rusiyanın mülki insanları hədəf almasını kəskin pisləyir. Ancaq 44 günlük müharibə zamanı Ermənistanın yaşayış məntəqələrini bombalamasını görməzdən gəldilər. Hansı ki, ballistik raketlərlə Gəncə və digər şəhərləri vurdular. Kaset bombalardan istifadə edildi, amma beynəlxalq qurumlar buna etiraz etmədi. Sadəcə olaraq susdular. Ölkə başçısı verdiyi mesajda əslində bunları nəzərdə tutdu. Azərbaycan Ordusu Ermənistana, oradakı mülki obyektlərə zərbələr endirmədi. Döyüş meydanında öz gücünü göstərdi”.
Partiya sədri onu da qeyd etdi ki, dünya birliyi sözügedən məsələdə ikili yanaşmaya son qoymalıdır.
Vidadi ORDAHALLI