Ermənistanda əsgər anaları cəsədlərin qalıqlarını basdırmaqdan imtina edirər. Bunu Ermənistan səhiyyə naziri Anahit Avanesyan deyib:“Bəli, bizdə belə hallar var ki, ölən əsgərin qalıqları müəyyən edilib, nəticə iki dəfə, bəzən üç dəfə başqa ölkələrdə təsdiq olunub, lakin qohumlar hələ də qalıqları götürüb dəfn etməyə hazır deyillər”,
Onun sözlərinə görə, indiyədək əlavə tədqiqat nümunələri Hollandiya, Moskva, Gürcüstan, Almaniya və bir sıra digər ölkələrə göndərilib və onların hamısı Ermənistanda verilən nəticələrə tam uyğundur: “Bu, çətin prosesdir və hökumət valideynlərə bu ağrılı prosesdən keçmək və dəfnlə bağlı qərar qəbul etmək üçün mümkün olan hər şeyi edir. Əgər qohumlar qalıqları basdırmağa qərar verməsələr, hansısa anda hökumət özü dəfn edəcək”.
Deyilənə görə, Ermənistan tərəfi itkilərini gizlətmək üçün 44 günlük müharibədə ölmüş əsgərlərin meyitlərini müharibə bitəndən indiyə qədər soyuducularda saxlayıb. İndi isə tanınmaz hala düşən meyitləri onların ailələrinə vermək istəyirlər ki, götürüb dəfn etsinlər. Amma əsgər ailələri öz hökumətlərinə etimad etmir və meyitərə şübhə ilə yanaşırlar. Qeyd etdiyimiz kimi meyitlər uzun müddət soyuducuda qaldığı üçün tanınmaz vəziyyətə düşüb.
“Müharibədən keçən müddət ərzində meyitləri gizlədiblər və hökumət nümayəndələri əsgər ata-analarını "oğlunuz sağdır" deyib aldadıblar”
Ermənistanda əsgər valideynlərinin öz övladlarının meyitlərini götürüb dəfn etmək istəməməsinin səbəblərini şərh edən “Müasir İnkişaf” Birliyinin rəhbəri, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, bunun kökündə hökumətə etimadsızlıq dayanır. “Əsgər valideynlərinin, yaxınlarının meyitərə yiyə durmamasının, onları dəfn etməkdən imtina etməsinin kökündə onların öz dövlətlərinə, hökumətlərinə inamsızlıqları dayanır. Bu, erməni xalqının hökumətə etimadsızlığın ən bariz nümunəsidir. Paşinyan hakimiyyətdə olduğu dövrdə Ermənistanın partnyoru olan dövlətlərə, əməkdaşlıq etdiyi, əlaqə saxladığı bütün qurumlara və şəxslərə, əsasən də erməni xalqına o qədər yalanlar danışıb, o qədər saxta fikrlər söyləyib, vədlər, populist, emosional bəyanatlar verib ki, bu gün ona heç kəs inanmır. İndiyə qədər Paşinyanın verdiyi vədlərin heç biri özünü doğrultmayıb. O, xalqın gözündə bütün etimadını, etibarını itirib. Eləcə də Ermənistanın hazırkı hakimiyyətinin gördüyü bütün işlər xalq tərəfindən inamsızlıqla qarşılanır. Doğrudur, Paşinyan seçkilərdə səs qazandı, böyük üstünlüklə rəqiblərinə qalib gəldi. Amma xalq Paşinyanın qeyri adi qabiliyyət və bacarıqlarına görə ona səs vermədi, müharibə tez bitsin, sülh olsun deyə səs verdi. Yəni ən pis variantlardan birini seçdi”.
M.Göyüşlünün sözlərinə görə, erməni xalqı onları böyük bəlalara, faciələrə sürükləyən Köçəryana və Sarkisyana daha çox nifrət etdiyi üçün məcburən Paşunyana səs verdi, amma Paşinyan da yalançılığı ilə camaatı daha da bezdirib. “Ermənistanda əsgər ailələri, anaları öz övladlarının meyitlərini götürüb dəfn etməkdən imtina edirlərsə, bu onların hökumətin saxtakarlığından şübhələnməsi ilə bağlıdır. Onlar şübhələnirlər ki, Paşinyan höküməti onlara yanlış meyit verə bilər. Onların içində böyük şübhə var. Valideynlər inanmırlar ki, Paşinyan hökumətinin onlara verdiyi cəsədlər həqiqətən də övladlarına məxsusdur. Çünki müharibənin bitməsindən 1 il 4 ay keçib. Müharibədən keçən müddət ərzində meyitləri gizlədiblər və hökumət nümayəndələri əsgər ata-analarını "oğlunuz sağdır" deyib aldadıblar. Aylardır övladının dirisini gözləyən valideynə indi onun ölüsünü verirlər, təbii, bu da valideynləri narazı salır".
M.Göyüşlünün sözlərinə görə, müharibədə ermənilərin itkisi həddən artıq çox olub, bu gün də bizim ərazilərdən erməni əsgərlərinin cəsədləri tapılır və onlar artıq tanınmaz hala düşüblər. Bunun da Ermənistanın öz günahı üzündən baş verdiyini deyən M.Göyüşlü qeyd etdi ki, erməni analar aşkarlanan cəsədin qalıqlarının onların övladlarına məxsus olduğuna inanmır. "Hesab edirəm ki, əsas səbəb inamsızlıqdır və onlara təqdim olunan cəsədlərin övladlarına aid olduğuna inanmırlar. Müharibədən sonra belə xəbər çıxdı ki, Ermənistan hökuməti meyitləri gizlədir, meyitlərin hamısını ailələrinə ona görə vermirlər ki, etirazlar, narazılıqlar ola bilər. Əlbəttə, narazılıqlar oldu. İkinci Qarabağ müharibəsində Ermənistan özünün bütün mənalarda ən ağır məğlubiyyətini yaşadı, bütün sahələr üzrə ən mənfi hadisələrlə yadda qaldı. O cümlədən ordunun təşkili, şəxsi heyətin qorunması, yaralıların sağalması, həlak olanların normal şəkildə ailələrinə təqdim edilməsində Paşinyan və onun generallarının gördüyü işlər biabırçılıqlarla yadda qaldı. Məhz buna görə də, əsgər anaları Paşinyan hökumətinə, onun məmurlarına inanmır, etibar etmirlər”- deyə M.Göyüşlü bildirdi.
İradə SARIYEVA