Vətən müharibəsində möhtəşəm Qələbəmizdən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Prezidentin də dəfələrlə vurğuladığı kimi, indi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir.
Əlbəttə, Azərbaycanın güclü iqtisadi potensialı işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsi və “Böyük Qayıdış”ın uğurla icra edilməsi üçün geniş imkanlar açır. Bir sözlə, iqtisadi potensialımız keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıtması zamanı üzləşə biləcəkləri bütün problemlərin həlli üçün etibarlı zəmin yaradır və bir növ “Böyük Qayıdış”ı stimullaşdıracaq amil kimi çıxış edir. Eyni zamanda, bərpa-quruculuq işləri bu ərazilərin malik olduğu təbii resurslardan və iqtisadi imkanlardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək, Qarabağ və Şərqi Zəngəzurun əcnəbi şirkətlər üçün investisiya cəlbediciliyini də artıracaq. İşğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər üçün əlverişli qazanc imkanları artacaq. Həmçinin “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı ev” strategiyalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzura qayıdacaq soydaşlarımız üçün yeni imkanlar açacaq və onların həyat səviyyəsini yüksəldəcək. Nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması, dəmir yolu və avtomobil magistrallarının tikintisi sözügedən ərazilərin simasını kökündən dəyişəcək. Hazırda isə ərazilərin minalardan təmizlənməsi prosesi gündən-günə sürətlənir. Bu da “Böyük Qayıdış”ı stimullaşdıran əsas məqamlardan biridir. Bu ərazilərin böyük iqtisadi potensialı, bol təbii ehtiyatları, aqrar istehsal və ixrac potensialı xarici investisiyaların qoyuluşu üçün böyük perspektivlər vəd edir. Bu isə gələcəkdə yerli əhalinin məşğulluğunun təmin edilməsi üçün də geniş imkanlar yaradacaq.
İnfrastrukturun formalaşdırılması ilə minalardan təmizlənmə, qiymətləndirmə eyni zamanda icra olunur
Vətən müharibəsinin başa çatmasından xeyli müddət ötməsinə baxmayaraq, Qarabağın minalanmış ərazilərində ölən və yaralananların artan statistikasını izləməli oluruq. Azərbaycan Ordusu Ermənistan silahlı qoşunlarını torpaqlarımızdan çıxarsa da, qarşı tərəf öz mənfur əməllərini bu yolla davam etdirir.
Vətəndaşlarımızın öz yurdlarına qayıtmasına mane olan başlıca amil işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır.
Plana əsasən birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ infrastrukturun formalaşdırılması, o cümlədən kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusu şəbəkənin yaradımasıdır.
Üçüncü mərhələ sosial və və inzibati binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-bab yurdlarına qayıtması və məskunlaşmasıdır. Nəzərə alaq ki, bu mərhələlər icra olunur, xüsusən də bəzi mərhələlər pararel olaraq icra olunur. Məsələn, infrastrukturun formalaşdırılması və ya minalardan təmizlənmə, qiymətləndirmə eyni zamanda icra olunmağa başlayıb. Hətta savaşın getdiyi günlərdə belə biz bəzi işğaldan yeni azad olunmuş ərazilərmizdə infrastrukturun formalaşmasını müşahidə edirdik. Təbii ki, vətəndaşlarımızın ora qayıtması üçün infrastruktur çox vacibdir. Çünki vətəndaş qayıtdıqdan sonra həm evlə təmin olunmalıdır, həm də eyni zamanda kommunal xidmət imkanları olmalıdır. Artıq Ağdamın baş planı təsdiq olunub. Ağdam şəhərinin inşaasına başlanılıb. Bu o deməkdir ki, artıq baş plan təsdiq olunmuş şəhər və rayonlarda işlər gedir, bərpa prosesi həyata keçiriləcək. İnfrastruktur formalaşandan, sosial-inzibati binalar, yaşayış evləri inşa ediləndən sonra vətəndaşlarımız artıq həmin ərazilərimizə qayıda biləcək.
Heç bir erməni təxribatı Azərbaycanın reallaşdırdığı “ Böyük Qayıdış” planını dayandırmaq gücündə olmayacaq
Qarabağ 30 il sonra əsl sahibinə qayıtdı. Ordumuzun gücü hesabına BMT-nin 4 qətnaməsi icra edildi. İndi 1 milyona yaxın məcburi köçkün və qaçqınımız öz yurd-yuvasına dönməlidir. Azərbaycan dövləti bu istiqamətdə kompleks addımlar atır - işğaldan azad edilən ərazilərdə quruculuq işləri gedir. Şuşada, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərdə abadlıq işləri görülür, Qarabağa Bakıdan avtobuslarla turlar təşkil edilir.Separatçı dəstələrin Qarabağda sülhməramlıların olduğu yerdən mövqelərimizi atəşə tutması məcburi köçkünlərin torpaqlarını qayıdışını yubada bilərmi?
Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutan erməni silahlı dəstələri bölgədə vəziyyəti gərginləşdirmək, bölgədə sabitlik və təhlükəsizliyə təhdid yaratmağa çalışır.
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa çalışır, bölgədə kommunikasiyaların açılması istiqamətində davamlı səylər göstərilir. Bununla paralel, separatçı meyllərin qarşısı dərhal və qeyd-şərtsiz alınır.
Sadalananlar deməyə əsas verir ki, hazırkı dövrdə separatçı və revanşist meyllərin baş qaldırması, qanunsuz erməni silahlı dəstələrinin fəallaşması yaxşı heç nə vəd etmir. Bu səbəbdən də Ermənistanın hərbi-siyasi rəhbərliyi sözügedən reallığı başa düşməli və düzgün nəticə çıxarmalıdır. Təbiidir ki, heç bir erməni təxribatı Azərbaycanın reallaşdırdığı “ Böyük Qayıdış” planını dayandırmaq gücündə olmayacaq. Çünki Azərbaycanın “Dəmir yumruğu” hər zaman hazır vəziyyətdədir.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.