Avropanın başının Ukraynaya qarışdığı bir vaxda Fransanın Korsika adasının sakinləri muxtariyyət tələbi ilə küçələrə axışıb. Etiraz aksiyasına Fransa həbsxanasında yaşayan Korsika millətçisinə hücum təkan verib. Polis zor tətbiq edərək 100-ə yaxın etirazçını saxlayıb. Aksiyada 10 min nəfər iştirak edib. Bu isə 340 min əhalisi olan ada üçün kifayət qədər böyük rəqəm hesab olunur. Nəzərə alsaq ki, gələn ay ölkədə prezident seçkiləri keçiriləcək, bütün bunlar hakimiyyəti narahat edir.
Ancaq Paris adada yaşayanlara muxtariyət vermək istəmir. Adaya səfər edən daxili işlər naziri deyib ki, muxtariyyət anlayışı konkretləşdirilməlidir. Maraqlıdır, uzun illərdir Qarabağda bir ovuc erməni separatçısını dəstəkləyən, ağına-bozuna baxmayaraq onlara müstəqillik tələb edən (Senatın qərarı), indi də yeri gəldi-gəlmədi status mövzusunu gündəmə gətirən, icazəsiz səfərlər təşkil edən Faransa Korsikada sayı Qarabağ ermənilərindən dəfələrlə çox olan bir millətə niyə muxtariyyət vermir? Halbuki, Qarabağa XIX əsrdə Çar Rusiyası tərəfindən köçürülən ermənilərdən fərqli olaraq, Korsikada yaşayanlar adanın yerli xalqıdır. Fransa 1768-ci ildə adanı işğal edib və öz ərazisinə qatıb. Ada sakinləri artıq 250 ildən çoxdur ki, müstəqillik uğrunda mübarizə aparır. Fransa 2000-ci ildə Korsika ilə bağlı bir sıra siyasi vədlər versə də, hələ də buna əməl olunmayıb. Əksinə, onların mübarizəsini separatizm hesab edən rəsmi Paris Korsikada yaşayanların milliyətini pasportda fransız yazmaqla unutdurmağa çalışır. Fəallar təqib və həbs edilir. Görünən odur ki, Fransanın Cənubi Qafqazda separatizm oyunu öz başında çatlayır.
“Separatizmə dəstək verən Fransa indi özü onun girovuna çevrilir”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun sözlərinə görə, Fransa hakimiyyəti Qarabağda erməni separatizmini dəstəklədiyi halda, ölkədə baş verənləri görməzdən gəlir: “Fransa müxtəlif formada separatizmi dəstəklədiyi halda, özü bu tip problemlə üzləşdikdə lazım olan beynəlxalq dəstəyi ala bilmir. Çünki Fransa hakimiyyəti erməni lobbisinin əlində alət olaraq beynəlxalq hüququ pozur. Prezidentliyə namizədin qanunsuz olaraq Qarabağa səfərinin təşkili və onun müxtəlif təxribatçı fikirlər səsləndirməsi buna əyani sübutdur. Bununla yanaşı, Fransa 30 illik işğal dönəmində, Vətən müharibəsi zamanı və ondan sonra birmənalı şəkildə erməni separatçılarını dəstəkləyib. Fransada bütün prezidentlərin və bu posta namizəd olanların erməni kartından istifadə etməsi ənənə halını alıb. İndi isə Fransa özü separatizmə verdiyi dəstəyin cəzasını çəkir. Söhbət ondan gedir ki, Korsika adasının sakinləri muxtariyyət tələbi ilə çıxış edirlər. Onların sayı Qarabağdakı ermənilərdən qat-qat çoxdur. Bu zaman haqlı olaraq sual yaranır: nəyə görə Qarabağda separatizmə dəstək verən Fransa hakimiyyəti Korsikada baş verənləri görməzdən gəlir? Rəsmi Paris, ermənilərə dəstək vermək əvəzinə, gedib Korsikada problemi həll etsin. Korsikada yaşayanlar dəfələrlə muxtariyyət tələbi ilə çıxış ediblər. Ancaq bugünə qədər onların istəkləri nəzərə alınmayıb. Praktiki olaraq onlarla hansısa real müzakirələr aparılmayıb. Bir sözlə, separatizmə dəstək verən Fransa indi özü onun girovuna çevrilir”.
Bu baxımdan politoloq hesab edir ki, erməni separatizminə qahmar çıxan Fransa hakimiyyəti bütün bunlardan ciddi nəticə çıxarmalıdır.
Vidadi ORDAHALLI