Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın Avropa Şurasından çıxmasına dair bildirişi təqdim edib. Bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlikdən bildirilib ki, fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib. Bu səbəbdən Rusiya quruma üzvlüyünün dayandırılması üçün martın 15-də Baş katibə müraciət edib. Rusiyanın bu addımı insan haqları sahəsində də problemlər yaradacaq. Çünki quruma üzvlük həm də Rusiya vətəndaşlarına pozulan hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququnu verirdi. Bu qərardan sonra Rusiya bu hüququ da itirmiş olacaq. Rusiyanın dünyadan təcrid olunduğu bir zamanda, həm də vətəndaş haqlarımın məhdudlaşdırılması hansı nəticələtə gətirib çıxara bilər?
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Avropa Şurasından çıxması təşkilatın Nizamnaməsinin və Avropa İnsan Haqları Konvensiyasının eyni vaxtda denonsasiyasını nəzərdə tutur: “Denonsasiya - beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə fəaliyyətini birtərəfli qaydada dayandırması haqqında bəyanat verməsi deməkdir. Avropa Şurasından çıxandan sonra rusiyalılar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilməyəcək. Rusiya XİN-in məlumatında ölkənin Avropa Şurasından çıxmasının Rusiya vətəndaşlarının hüquq və azadlıqlarına təsir göstərməyəcəyi vurğulanır. Onların təbirincə, Rusiya Federasiyasının Konstitusiyası ilə verilən təminatlar Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulandan az deyil. Bundan əlavə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi əmin edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin daha əvvəl qəbul etdiyi qətnamələrin icrası Rusiya Federasiyasının Konstitusiyasına zidd olmadığı təqdirdə davam etdiriləcək. Rusiya Avropa Şurasının üzvü kimi üzərinə öhdəliklər götürürdü. Onlardan biri də Avropa Məhkəməsilə yaxından əməkdaşlıqdır. Bu öhdəlik ondan ibarətdir ki, vətəndaşlar ölkə qanunvericiliyinə uyğun olaraq məhkəmə instansiyalarının hamısını keçəndən sonra Avropa Məhkəməsinə müraciət etmək haqqını qazanırlar. Üçüncü instansiyanın qərarından 6 ay gec olmayaraq Avropa Məhkəməsinə müraciət hüququ tanınır. Orada qəbul edilən qərara üzv ölkələr riayət edir. Avropa Məhkəməsinə ən çox müraciət edilən ölkələrdən biri məhz Rusiya idi. Rusiyanın qanunları indiyə kimi də vardı. Onda niyə müraciət edilirdi? Hesab edirəm ki, bundan sonra Rusiyada insan haqları ilə bağlı vəziyyət daha da pisləşmiş olacaq. Çünki vətəndaşların ora müraciət hüququnu bilən Rusiyanın məhkəmələri bir qədər ehtiyatlı davranmağa məcbur idilər”.
Məhəmmədəli QƏRİBLİ