Ukraynadakı hərbi əməliyyatlardan sonra ABŞ, Kanada və Avropa İttifaqının bütün ölkələri öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Hazırda dünyada Rusiya Federasiyasından olan vətəndaşların təyyarə ilə birbaşa səyahət edə biləcəyi cəmi 15 ölkə qalıb.
Beləliklə, hazırda rusiyalılar yalnız Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər, Mərakeş, Belarus, Hindistan və Şri-Lankaya birbaşa reyslə uçmaq imkanına malikdirlər.
Məlumat üçün qeyd edək ki, martın 6-dan Azərbaycan və Rusiya aviaşirkətləri qarşılıqlı olaraq uçuşları dayandırıblar.
Azərbaycan Hava Yolları Azərbaycanla Rusiya arasında uçuşların dayandırılmasının beynəlxalq uçuşlar zamanı yarana biləcək risqlərlə əlaqəli olduğunu açıqlayıb.
Prezident Vladimir Putin isə Rusiya şirkətlərinin lizinqində olan xarici təyyarələrə hüquqların qeydiyyata alınması imkanlarını leqallaşdıran qanunu imzalayıb. Sənəd martın 14-də rəsmi hüquqi informasiya portalında dərc edilib.
Artıq Rusiya aviaşirkətləri daxili marşrutlarda xarici təyyarələrdən istifadə edə və onlara Rusiyanın uçuşa yararlılıq sertifikatını verə bilər.
İzahat qeydində bildirilir ki, qanun mülki aviasiyanın rahat işləməsi üçün hava gəmiləri parkını qorumaq məqsədi daşıyır.
Maraqlıdır, Risiyanın uçuşa icazə verdiyi ölkələrin sırasında Azərbaycanın adı niyə yoxdur?
Poltoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Azərbaycanla Rusiya arasında uçuşların dayandırılmasından ən çox əziyyəti sadə vətəndaşlar çəkir: “Azərbaycana və ya Rusiyaya səfər planlaşdırmış və artıq bilet almış insanlar faktiki olaraq çətin vəziyyətdə qaldılar.
Diqqəti çəkən əsas məqam o oldu ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı uçuşların dayandırılması Rusiyanın Ukraynada apardığı müharibənin 10-cu gününə təsadüf etdi. İki ölkə qarşılıqlı uçuşların qeyri-müəyyən müddətə dayandırılmasının konkret izahla deyil, məhz beynəlxalq uçuşlar zamanı "yarana biləcək risqlərlə əlaqəli" olduğunu bəyan etdilər.
İki ölkə arasında bütün reyslərin qarşılıqlı dayandırılması qərarı məhz Rusiyanın Ukraynada hərbi əməliyyatları ilə bağlıdır. Məsələ ondadır ki, Beynəlxalq Aviasiya Təhlükəsizliyi Agentliyinin üzvü kimi qurumla bir sıra qarşılıqlı öhdəlik və məsuliyyətimiz mövcuddur. Hələ keçən həftədən Beynəlxalq Aviasiya Təhlükəsizliyi Agentliyi və onun Avropa qanadı Rusiyanın aviaşirkətlərini Avropa İttifaqı ölkələrinin səmalarında uçuş sertifikatlarından məhrum edib. Sertifikatları ləğv edilmiş şirkətlər
- “Aeroflot”,
- “S7”,
- “Volqa-Dnepr”,
- “Qazprom-Avia”,
- “Ural Airlines” və digərləridir.
Onu da qeyd edim ki, şirkətlər təyyarənin uçuşa yararlılıq sertifikatı olmadan uçuş həyata keçirə bilmədiyi kimi, hava limanları da uçuşa yararlılıq sertifikatı olmadan təyyarələrə xidmət imkanından məhrum olur.
Odur ki, Azərbaycanla Rusiya arasında uçuşların dayandırılması qərarı siyasi və ya sanksiya qərarı deyil, sadəcə texniki məsələlərdən doğur”.
Məhəmmədəli QƏRİBLİ