Martın 13-ü günorta saatlarında 100-ə qədər Xankəndi sakini sosial problemlərə etiraz olaraq aksiya keçirməyə cəhd edib.
Xankəndi erməniləri şəhərdə ciddi problemlərin olduğunu açıqlayıblar: “Xankəndidə elektrik və təbii qazdan sonra bu gündən etibarən su problemi də yaşanır. Şəhərdə bu gün səhərdən çörək tapmaq mümkün deyil. Həm soyuqda qalmışıq, həm də qaranlıqda. Bu gündən isə çörək və su problemi yaranıb”.
Polis 11 nəfər aksiya iştırakçısını saxlayıb. Yerli sakinlər bildirib ki, şəhərdə olan çörək sexlərinin hamısı fəaliyyətini dayandırıb.
Ermənistan mediası bu vəziyyətdən sui-stifadə edib, Azərbaycanı günahlandırmaq istəyir. Belə təbliğat aparırlar ki, güya Xankəndi ermənilərinin üzləşdiyi sosial problemlərlə bağlı məsuliyyət Azərbaycanın üzərinə düşür. Ancaq reallıq bundan ibarətdir ki, Ermənistanın özü qızışdırıb Qarabağdakı erməniləri separtizmə sürükləyir. Onlar Azərbaycanın vətəndaşlığını qəbul etmirlərsə, biz niyə həmin şəhərin sosial problemlərinin həllini öz üzərimizə götürməliyik?
Politoloq Əhəd Məmmədli də “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xankəndidə yaşayan ermənilər başa düşməlidir ki, şəhərin su və elektrik enerjisi və digər kommunal xidmətlərlə təmin olunmaqda gələcəkdə də çətinlik çəkəcəklər: “Onları bu vəziyyətə biz yox, Ermənistanın yürütdüyü işğalçı siyasət salıb. Ermənistan heç özünü zəruri olanlarla təmin etmək gücündə deyilsə, Qarabağdakı ermənilərə nə köməyi dəyə bilər? Sadəcə olaraq müharibədən sonra Azərbaycan hökumətinin apardığı humanist siyasət nəticəsində onlara çox ciddi güzəştə gedildi. Lakin görünən odur ki, erməni separataçıları və Ermənistan rəhbərliyi bunu başa düşmək istəmir. Bundan sonra da qeyd olunan ərazidə müxtəlif kommunal və digər infrastruktur problemləri olacaq. Erməni separatçıları başa düşməlidir ki, nə qədər tez Azərbaycan dövlətinə tabe olsalar, bir o qədər yaxşı olar. Əks təqdirdə bu problemlər qaçılmaz olacaq. Son günlər Xankəndidə su qıtlığı, əhalinin separatçılara qarşı üsyana qalxması onu göstərir ki, bu onlar üçün başlanğıcdır. Ermənilərin daha pis günləri qarşıdadır. Azərbaycan təklif edir ki, vətəndaşlığımızı qəbul etsinlər. Bunu etməyən separatçıya biz niyə su və elektrik enerjisi verməliyik? Erməni mətbuatı Xankəndidə su problemilə bağlı məlumat yayıb. Mətbuatın yazdığına görə, azərbaycanlıların şəhərdə yaranan təchizat problemindəki iştirakı barədə sosial şəbəkələrdə qeyri-rəsmi mesajlar peyda olub. Bundan əvvəl də belə problem yaşanıb. Həmin vaxt şəhərin “bələdiyyə sədrinin müavini” şəhərdə və sosial şəbəkələrdə yayılan şayiələri şərh edərkən Xankəndidəki su problemlərinin Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətilə əlaqəli olmadığını bildirib. Xankəndini su ilə təmin edən bəndə sülhməramlılar nəzarət edir. Qarabağın digər bölgələrindən evlərini itirən insanların əhəmiyyətli bir hissəsinin Xankəndidə cəmlənməsi vəziyyəti daha da ağırlaşdırıb. Ona görə də şəhərdə su istehlakı əhəmiyyətli dərəcədə artıb. Bu problem əvvəlki illərdə də mövcud olub. Sadəcə, işğal altında çox ərazilər olduğu üçün onlar çətinliklərin öhdəsindən tez gəliblər. İndi vəziyyət başqadır”.
Məhəmmədəli QƏRİBLİ