Avropa İnsan Hüquqları Məhkəməsi, Azərbaycanla bağlı çıxardığı ədalətsiz qərarlar azmış kimi, indi də FETÖ-çüləri Türkiyəyə ekstradisiya etdiyinə görə ölkəmizi cərimələyir.
Belə ki, AİHM "Şentürk və digərləri Azərbaycana qarşı" işi üzrə qərar çıxarıb. Məhkəmənin qərarına görə, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) maddələr pozulub. Dörd ərizəçi Azərbaycanda Gülən hərəkatı ilə bağlı özəl məktəblərdə müəllim işləyirdi. Ərizəçilər Taci Şentürk, İsa Özdemir, Ayhan Seferoğlu və Erdoğan Taylan Türkiyə vətəndaşlarıdır, onlar hazırda Türkiyədə həbsdədirlər. 2017-ci ildə Türkiyə tərəfi bu şəxsləri həbs etməyi və ekstradisiya olunmalarını xahiş edib. Azərbaycan da qanuna uyğun olaraq bunu təmin edib. Onlar hərbi çevrilişə cəhd etdikləri üçün həbs edilib. Avropa Məhkəməsi 4 FETÖ-çünün hər birinə 9 min avro təzminat ödənilməsi barədə hökm çıxarıb. Bunu onunla əsaslandırıblar ki, guya Azərbaycanın verdiyi qərar ədalətli olmayıb.
“Bir hüquqşünas kimi tam əminliklə deyirəm ki, qurum müəyyən dairələrin siyasi sifarişlərini həyata keçirir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, AİHM-in çıxartdığı qərar qərəzli motivlərə söykənir: “Əvvəla, AİHM hər zaman Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir. Məsələnin təəccüblü tərəfi odur ki, AİHM-in qərarından şikayət vermək olmur. Bu necə məhkəmədir ki, onun verdiyi qərardan şikayət vermək mümkün olmasın? Halbuki, bir sıra hallarda AİHM-ın çıxartdığı qərarlardan narazı olmaq üçün kifayət qədər əsas olur. Düzdür, biz AİHM-in qərarlarını qəbul edirik və bizim yerli məhkəmələr həmin qərarları bəzən presedent akt kimi qəbul edirlər. Mən hüquqşünas olaraq AİHM-in Azərbaycanla bağlı mövqeyini qərəzli hesab edirəm. Çünki qurumun Azərbaycanla bağlı son qərarı hüquqi yox, siyasi motivlidir. Məsələ ondadır ki, Azərbaycanla Türkiyə arasında hüquqi saziş var. Həmin hüquqi sazişə uyğun olaraq eksdtadisiya proseduru həyata keçirilir. Sözügedən 4 FETÖ-çü konkret cinayətlərdə ittiham olunaraq həbs edilib. Daha sonra Türkiyənin tələbinə əsasən qarşı tərəfə ekstradisiya olunub. Ancaq biz görürük ki, ortada ciddi hüquqi əsas olmadan, AİHM bizi düzgün qərar çıxarmamaqda ittiham edir. Nə olsun ki, biz Avropa Şurasının üzvüyük. Ancaq bu o demək deyil ki, AİHM-in çıxartdığı qərar Azərbaycan üçün mütləq mənada icraya yönəlməlidir. Təbii ki, yox. Biz sadəcə demokratik, hüquqi dövlət olduğumuza görə AİHM-in qərarlarını icra etməyə də bilərik. Ancaq Azərbaycan müəyyən səbəblərdən Avropa qurumları ilə konfrontasiyaya getmək istəmir. Mən bir hüquqşünas kimi tam əminliklə deyirəm ki, AİHM müəyyən dairələrin siyasi sifarişlərini həyata keçirir. Hesb edirlər ki, Azərbaycana qarşı kim müxalif mövqedən çıxış edirsə, onun şikayəti təmin olunmalıdır”.
Hüquqşünas hesab edir ki, vaxt gələcək, AİHM-in ədalətsiz qərarları dünyada təftiş ediləcək.
Vidadi ORDAHALLI