Azərbaycan Ordusu ilə bağlı istənilən informasiyanı yayarkən diqqətli olmaq çox vacibdir. Amma çox təəssüflər olsun ki, bəzi media qurumları, özünü blogger sayanlar bu məsələyə həssas yanaşmağı unudurlar. Onların ordumuzla əlaqədar yaydıqları ən kiçik görüntünü belə düşmən göydə qapır və yalan-yanlış informasiyalar düzənləməyə çalışır.
Azərbaycan Ordusu ilə bağlı həqiqətə uyğun olmayan informasiya yayanlar, videogörüntülər payaşanlaşanlar cəzalandırılacaq. Belə ki, Baş Prokurorluqdan media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib.
"Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyasını guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır" .
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Ekspertlər hesab edir ki, media subyektləri və sosial şəbəkə istifadəçiləri hər bir paylaşımında diqqətli olmalı, xüsusən də ordu məsələsində hər videonu paylaşmalı deyillər. Bu mövzuda Baş Prokurorluğun xəbərdarlığının yerinə düşdüyünü deyən ekspertlərin sözlərinə görə, hər kəs qanunvericiliyin tələblərinə uyğun işləməlidir, əks halda həmin media subyektlərini və sosial şəbəkə istifadəçilərini qanunvericiliyə uyğun cəza gözləyir.
“Bu baxımdan hüquq-mühafizə orqanlarının bu yöndə diqətli davranmasının əsası var”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu sahədə jurnalistlər kifayət qədər bilgi alıblar. “Azərbaycan 30 il müddətində Ermənistanla münaqişə vəziyyətində olub, haqsız müharibəyə, torpaq və insan itkilərinə məruz qalıb. Bu müddət ərzində KİV işçiləri münaqişə bölgəsi, cəbhə xətti, ordu bölmələri, hərbi əməliyyatlar və sair mövzularda necə yazmaq lazım olduğu barədə yetərincə bilgi alıblar. Bu mövzuda qanunlar, sərəncamlar, təlimatlar var, çoxsaylı təlimlər, kurslar keçirilib, müzakirələr aparlıb. “Dövlət sirri haqqında” qanun, “Media haqqında” qanun, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları və digər mənbələr həssaslıq tələb edən mövzularda xəbərlərin hansı standartlar üzrə hazırlanmalı olduğu barədə lazımi istiqamət verir. Bütün bunlardan sonra hansısa KİV işçisi, sosial şəbəkə istifadəçisi, xəbər istehsalçısı mövzu üzrə material hazırlayarkən yanlışa yol verirsə, mövzuya aid materialları xəbər standartları, qanunlar çərçivəsində deyil, öz düşüncəsinə, dünyagörüşünə uyğun hazırlayıb yayırsa, deməli burada sadə xətadan söhbət getmir. Müşahidələr göstərir ki, mövzu üzrə qüsurlu informasiya yayanların bir qismi həqiqətən xəbər standartlarını bilmir. Amma böyük əksəriyyəti düşünülmüş şəkildə, hansısa maraqlar çərçivəsində bu addımları atır. Əgər hansısa sosial şəbəkə istifadəçisi mövzu üzrə axtarış aparırsa, müəyyən baryerləri keçirsə, məhdudiyyət qoyulan informasiyanı əldə edə bilirsə, deməli onun xəbər standartları barədə bilgisi, vərdişləri var”. M.Ələsgərlinin fikrincə, belələrinin yol verdiyi xəta da təsadüfi xarakter daşımır. “Bu baxımdan hüquq-mühafizə orqanlarının bu yöndə diqqətli davranmasının əsası var. Azərbaycan dövləti humanist dövlətdir. Adətən sərt tədbirlər görülməzdən öncə məlumatlandırma, maarifləndirmə işləri aparılır, xəbərdarlıqlar edilir. Hiss olunur ki, yanlış xəbərin istehsalçısı olan şəxslərə də bu kontekstdən yanaşılır. Dəfələrlə xəbərdarlıq edilir ki, yanlışa yol verməsinlər. Amma zərurət anında hüquqi ölçü də götürülür. Təkcə bu il ərzində 8-dən çox şəxs barədə bu yöndə xətaya yol verdiyi üçün hüquqi ölçü tədbirləri görülüb. Hesab edirəm ki, jurnalistlərimiz bu məsələdə peşəkar davranmalı, digər xəbər istehsalçılarına da örnək olmalıdırlar”- deyə M.Ələsgərli qeyd etdi.
İradə SARIYEVA