Avstriya xarici işlər naziri Aleksandr Şellenberq ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Görüşdə tərəflər bir sıra məsələləri müzakirə ediblər.
Regional təhlükəsizlik və sabitlik məsələləri kontekstində nazir A.Mirzoyan, hər zaman olduğu kimi, yenə də Azərbaycanı ittiham edib və həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Avstriyalı nazirə bildirib ki, guya Azərbaycanın hərbçiləri Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təxribat xarakterli addımlar atır, vaxtaşırı atəşkəs rejiminin pozulmasına zəmin yaradırlar. “Artsaxın” mülki əhalisinə psixoloji təzyiq göstərirlər və həyati əhəmiyyətli infrastrukturların bərpası məsələsində süni problemlər yaradırlar. Bir sözlə, Mirzoyan bütün baş verənlərə görə Azərbaycanı günahlandırıb.
Şellenberq də Mirzoyanın yalanlarının təsiri altına düşərək bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həlli zəruridir. Avstrya Minsk Qrupunda təmsil olunan 11 ölkədən biri deyil, indiyə qədər bu və ya digər formada vasitəçi qismində hansısa rol oynamayıb. Belə olan halda MQ-nin Avstriyaya nə dəxli var? Məgər Avstriya tərəfi bilmir ki, həmsədrlərin 30 ilə yaxın fəaliyyəti özünü doğrultmayıb?
“Rəsmi Vyana münaqişənin ədalətli həlli mövqeyindən uzaq olub və daha çox təcəvüzkarın maraqlarına cavab verən siyasəti ilə yadda qalıb”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, Avstriyanın Qarabağ məsələsində sərgilədiyi mövqe bir sıra reallıqlarla uzlaşmır: “Azərbaycan və Ermənistan arasinda 2020-ci ilin 27 sentyabrında başlanan müharibəyə Avstriya Avropa İttifaqına daxil olan dövlətlər sırasında ilk reaksiya verənlərdən olub. Hərbi əməliyyatların başlandığı gün Avstriyanın XİN-i münaqişə tərəflərinə dərhal əməliyyatları dayandırmaq və problemi danışıqlar yolu ilə həll etmək təkliflərini verib. İlk baxışda Avstriyanın mövqeyi Aİ-nin bu münaqişə ilə bağlı mövqeyindən fərqlənmirdi. Avstriya, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Ermənistanı məlum təcavüz aktına görə qınayan hər hansı kəskin bəyanatları ilə yadda qalmayıb. Halbuki, BMT TŞ-nin bu münaqişə ilə bağlı hələ 1993-cü ildə qəbul olunmuş 4 məlum qətnaməsi var idi. Bu azmış kimi, 2020-ci ilin 15 oktyabrında Avstriya parlamenti Türkiyəni məlum hərbi qarşıdurmada Azərbaycana dəstək mövqeyinə görə kəskin qinayıb. Üstəlik, Azərbaycana hərbi dəstəyini dayandırmayacağı təqdirdə ona qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. Hətta Aİ-ni bu məsələyə görə Türkiyəyə təzyiqləri gücləndirməyə çağırıb. Bu və digər məsələlər göstərir ki, Avstriya münaqişəyə münasibətdə beynəlxalq hüququn normalarından kənara çıxmasa da, rəsmi Vyana münaqişənin ədalətli həlli mövqeyindən də uzaq olub və daha çox təcavüzkarın maraqlarına cavab verən siyasəti ilə yadda qalıb. İndiki halda Avstriyanı qane etməyən geosiyasi faktor dolayısı yolla müdafiə etdiyi Ermənistanın müharibədəki məğlubiyyəti və Azərbaycanın qələbəsi nəticəsində bölgədə yaranmiş yeni geosiyasi realliqlardır. Tarixən ənənəvi düşmən saydığı Türkiyənin bölgədə təsir imkanlarının artmasi, nüfuz dairəsinin yüksəlməsi Avstriyanı narahat edir. Bu səbəbdən ATƏT-in Minsk Qrupu deyilən amorf quruma yeni impuls, yeni nəfəs verməklə Ermənistanı, separatçıları daha ağır duruma düşməkdən qurtarmağa çalışır. Digər tərəfdən, hazırda Rusiya və Qərb arasında Ukrayna ilə bağlı qarşıdurmanın yaratmış olduğu yeni reallıqlardan Avstriya kimi ölkələrin yararlanmaq istəkləri də istisna edilə bilməz. Dağlıq Qarabağla bağlı danışıqlarda Avstriya kimi tərəflərin fəallaşması cəhdləri burada təşəbbüsün Rusiyanın əlindən alınması kimi də qəbul edilə bilər. Qərbdə belə düşünə bilərlər ki, Aİ-nin bu bölgədə fəallaşması Rusiyanı Ukrayna cəbhəsində təzyiqi azaltmağa məcbur edə bilər”.
Politoloq Avstriyanın canfəşanlığını həm də bununla əlaqələndirdi.
Vidadi ORDAHALLI