Azərbaycana Ukrayna tərəfindən belə bir təklif olunmuşdu. Belə bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə hazırıq.
Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən Diplomatik forumun kuluarları çərçivəsində deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukraynada savaşın dayandırılması, atəşkəsin əldə olunması üçün səylər göstərilir.
"Ukrayna tərəfindən belə təklif olunmuşdu. Belə bir niyyət olarsa, biz hər zaman ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ-la Rusiya generallarının görüşlərinə, NATO-Rusiya dialoquna ev sahibliyi edib. Burada məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO-nun, nə də KTMT-nin üzvüdür. Azərbaycan həmçinin Qoşulmama Hərəkatına sədrlik edir. Təklif olarsa, Azərbaycan öz dəstəyini verməyə hazırdır. Biz Ukraynada baş verən böhranı görürük. Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımlar davam edir”, - Prezidentin köməkçisi əlavə edib.