“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı qarşı tərəfə 5 maddədən ibarət təklif göndərib və hazırda cavab gözləyir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” Agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu onlar üçün çox yaxşı fürsətdir. Nazir əlavə edib ki, Azərbaycan tərəfi, keçmişin bütün çətinliklərinə və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik. Biz dövlətlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olaraq rəy bildirmişik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq”.
Təklifin bu yaxınlarda göndərildiyini qeyd edən C.Bayramov vurğulayıb ki, bu, bir səhifəlik sənəddir: “Əsas prinsiplər müəyyənləşdirilib və bu prinsiplər irəli sürülüb. Deməliyəm ki, həmin sənəddə qeyd olunan prinsiplərin hamısı beynəlxalq münasibətlərin prinsipləridir, orada qeyri-adi şərhlər yoxdur”.
Maraqlıdır, 5 maddədən ibarət olan yeni təkliflər nə ola bilər?
“Əks halda hərbi gücün tətbiq edilməsi istisna deyil”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, yeni təkliflərin məzmunu Azərbaycanın bəlli prinsiplərini özündə ehtiva edə bilər: “Bizim prinsiplərimiz dəyişilməz olaraq qalır. Bunlar sərhədlərin delimitasiyası, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, regional əməkdaşlıq platformaları çərçivəsində əlaqələrin qurulmasıdır. Fikrimcə, bu kimi məsələlər orada öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, artıq Türkiyə də Ermənistana əl uzadıb. Yəni münasibətləri yaxınlaşdırmaq fikrindədilər. Təsadüfi deyil ki, Antaliya forumunda Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Hesab edirəm ki, bütün bunlar sülhə doğru addım ola bilər. Ancaq Ermənistan hələlik əngəllər yaradır, ilkin şərtlər irəli sürür, yersiz tələblərlə çıxış edir. Lakin bütün bunlara rəğmən, biz diplomatik addımlarımızı ardıcıl şəkildə atırıq. Ermənistanı sağlam mövqedən çıxış etməyə çağırırıq. Ona görə ki, Azərbaycan regionda sülh və stabilliyin tərəfdarıdır. Əgər qarşı tərəf bunu istəyirsə, onda bu təklifləri qəbul etsinlər. Sənədlərə imza atsınlar. Əks halda hərbi gücün tətbiq edilməsi istisna deyil”.
Politoloq onu da qeyd etdi ki, Ermənistan yeni reallıqlarla barışmağa məhkumdur.
Vidadi ORDAHALLI