Xarici işlər naziri Ceyhun Bayramovun itkin düşmüş 4000-ə yaxın şəxsin taleyi ilə bağlı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.
Qeyd edilib ki, Ceyhun Bayramovun məktubu BMT Baş Assambleyasına martın 2-də təqdim olunub.
Azərbaycanın xarici işlər nazirinin məktubunun BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılması beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsinə səbəb ola bilərmi? Bu sənədin yayılması itkin düşmüş vətəndaşlarımızla bağlı məlumatların üzə çıxarılmasına, Ermənistanın indiyə qədər sirr kimi saxladıqlarının aşkarlanmasına necə kömək edə bilər?
“...Ən mühüm məsələlərdən biri odur ki, Ermənistan bu məsələyə aydınlıq gətirilməsinə məcbur edilsin”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, belə bir sənədin yayılması çox müsbət haldır: “Hesab edirəm ki, belə bir sənədin yayılması çox önəmlidir. Artıq bir neçə dəfədir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi sənədi BMT-nin rəsmi sənədi kimi yayılır. Bu gün bizim qarşımızda duran mühüm vəzifələrdən biri 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirməkdir. Bugünə kimi ermənilər bu cinayətlərin törədilməsi ilə bağlı heç bir məlumat vermirlər. Sonunci dəfə Azərbaycan prezidentinin, Fransa prezidentinin, Ermənistanın baş nazirinin iştirakı ilə görüşdə bu məsələ qaldırılsa da, təəssüf ki, bugünə kimi bununla bağlı Ermənistan heç bir konkret mövqeyini ortaya qoymayıb. Bu baxımdan, bizim qarşımızda duran ən mühüm məsələlərdən biri odur ki, Ermənistan bu məsələyə aydınlıq gətirilməsinə məcbur edilsin. Ermənistan mütləq bunun hesabını verməlidir ki, 4 min nəfər azərbaycanlının taleyi nə yerdədir, onlar harada dəfn edilib, onlarla bağlı o dövrdə hansı addımları atıb. Fikrimcə, bu çox vacib bir məsələdir və bütün dünyada ikili standartlar, ədalətsiz yanaşmalar, mövqelər var”.
C.Məmmədovun sözlərinə görə, amma bütün bunlara baxmayaraq, biz məqsədlərimizə çatmaq üçün çalışmalıyıq və Ermənistan da bu məsələyə aydınlıq gətirməli, izahat verməlidir. “Hesab edirəm ki, məsələni tam həll etməsə də, bu məsələlərə bir aydınlıq gətiriləcək və biz bu insanların taleyi ilə bağlı Ermənistan tərəfindən rəsmi mövqenin bildirilməsinə, müvafiq addımların başlanılmasına nail ola biləcəyik” - deyə C.Məmmədov vurğuladı.
İradə SARIYEVA