Son günlər qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında xeyli fəallaşması diqqətdən qaçmır.
Ekspertlərin fikrincə, əslində Ermənistan bununla iki məqsəd güdür: birincisi, Ukraynada apardığı müharibəyə görə Azərbaycanı da guya Ermənistana hərbi müdaxilə adı altında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla üz-üzə qoymaq, ikinci isə, Rusiyaya izah etmək ki, bu məsələni sən həll edə bilmirsənsə, Qərbin dəstəyi ilə Azərbaycanla aramızdakı problemi yoluna qoyacağıq. Təbiidir ki, Azərbaycan ordusu ermənilərin fəallığını cavabsız qoymur. Onlara lazımi dərsi verir. Baş verənlərin fonunda əsasən belə fikirlər səslənir ki, Azərbaycan indiki məqamdan istifadə edib, Qarabağın ermənilər yaşayan hissəsində antiterror əməliyyatı keçirməlidir. Yəni öz yurisdiksiyasını Qarabağda tam təmin etməlidir. Ancaq bunun əksini düşünənlər də var. Bu fikirdə olanlar hesab edir ki, hazırda geniş antiterror əməliyyatlarının keçirilməsi məqbul sayıla bilməz.
Arzu Nağıyev: “İstənilən vaxt antiterror əməliyyatı keçirməyə də hüququmuz çatır”
Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, son vaxtlar Xankəndidə istər azan, istərsə də “Koroğlu” uvertürasının səsləndirilməsi ermənilərə bir mesajdır: “Həm “Koroğlu” uvertürasının, həm də Azərbaycan himninin səsləndirilməsi orada yaşayan separatçılara, ruslara bir xəbərdarlıqdır. Bununla Azərbaycan bir daha onların diqqətinə çatdırır ki, siz Azərbaycan ərazisindəsiniz. Yəni mən öz ərazim olduğu üçün azan da, himn də, uvertüra da səsləndirə bilərəm. Bunlar artıq bunu dərk etməli, başa düşməlidirlər. Yoxsa bu, kiməsə xoş gəlməyəcək, kiməsə pis təsir göstərəcək, bu onların öz işləridir. Biz qalib dövlətik, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Buna görə də kimsə buna qıcıqlandırıcı mövqe kimi baxmamalıdır. Biz bu gün eyni zamanda əminamanlığın, sülhün tərəfdarıyıq. Onlar unutmamalıdırlar ki, bizim hələ dəmir yumruğumuz əlimizdədir. İstənilən vaxt antiterror əməliyyatı keçirməyə də hüququmuz çatır. Təbii ki, heç bir beynəlxalq norma və qanunları pozmamaq şərtilə. Ona görə də bunu normal hal kimi qəbul edirəm və bütün dünya da bilməlidir ki, Qarabağ Azərbaycandır!”.
Rəşad Bayramov: “Bunu daha uyğun zamanda etməliyik”
Politoloq Rəşad Bayramov isə qəzetimizə bildirdi ki, bu məsələdə bir qədər soyuqqanlı davranmalıyıq: “Gedişatlar göstərir ki, ermənilər bizi təxribata çəkmək istəyir. Erməni tərəfi mövcud vəziyyətdən sui-istifadə edərək diqqəti özlərinə çəkməklə, guya Azərbaycanın müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan müəyyən əraziləri ələ keçirdiyi, oradakı erməniləri qovması kimi dezinformasiyalar yayırlar. Bu əsasda da onlar dünya ictimaiyyəti arasında Bakının qarışıqlıqdan istifadə edərək sülhməramlıların nəzarət məkanındakı ərazilərdə guya aqressiya törətdiyi düşüncəsini formalaşdırmağa çalışırlar. Eyni zamanda, Rusiyaya bizi fürsətçil kimi göstərib, özlərinə əlavə dividendlər qazanmaq istəyirlər. Ancaq bu heç də o anlama gəlmir ki, bizim antiterror əməliyyatı keçirməyə haqqımız yoxdur.
Ermənilər silahlı atışmaları, təxribatları davam etdirməklə buna əsas verirlər. Başqa bir tərəfdən, ermənilər Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edir. Həmin ərazidən erməni hərbi kolonları keçir. Belə vəziyyət davam edərsə, bu halda əlbəttə ki, Bakı qanunsuz erməni silahlı qüvvələrinin 10 Noyabr bəyannaməsinə uyğun olaraq ərazidən çıxarılması maddəsinin tətbiqi hüququnu özündə saxlayır. Bunu daha uyğun zamanda etməliyik”.
Məhəmmədəli QƏRİBLİ