Avroparlamentdən Azərbaycana yönəlik alçaq addım - Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağda və ətraf ərazilərdəki erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid edən qətnamə qəbul edib. Qətnamənin lehinə 635, əleyhinə 2 səs verilib, 42 millət vəkili isə bitərəf qalıb.
Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini “silmək və inkar etmək” siyasəti yürüdür. Bu da beynəlxalq hüquqa zidd davranışdır: “Regionda erməni mədəni irsinin silinməsi siyasəti aparılır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin daha geniş sxeminin tərkib hissəsidir. Mədəni irs gələcək nəsillər üçün qorunub saxlanmalıdır”.
Daha əvvəl təsdiqlənməsi üçün Avropa Parlamentinə təqdim edilən qətnamə layihəsində bildirilirdi ki, guya Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsinin olduğunu inkar edir. Layihədə bu inkaredilmə və silinmə siyasəti pislənirdi.
Məlum qətnamə bir daha Avroparlementin erməni lobbisinin sifarişi ilə hərəkət etdiyini ortaya qoydu.
“Avropa Parlamenti erməni maraqlarını dünyəvi dəyərlərdən üstün tutur”
Məsələyə münasibət bildirən politoloq Turan Rzayevin fikrincə, qətnamə tamamilə qərəzlidir: “Qətnamənin mətninə baxdıqda bunun Avropa, yoxsa Ermənistan parlamentində hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar absurd və yalandır. Demək olar ki, bütün ittihamlar ermənilərin illərdir dünyaya yaydığı və inandırmağa çalışdığı yalanlardan ibarətdir. Reallıq ondan ibarətdir ki, Ermənistan 27 illik işğal dövründə Qarabağda şəhərləri, kəndləri, qəsəbələri dağıdıb. Bu gün Qarabağa gələn istənilən şəxs burada erməni vandalizmini bütün çılpaqlığı ilə görə bilər. Azərbaycana məxsus 400-dən artıq tarixi-dini abidə məhv edilib. Onlardan 67-si məsciddir. Azərbaycan məscidləri mal-qara üçün tövləyə çevrilib. Azərbaycan məscidlərində donuzların saxlanması isə təkcə Azərbaycana deyil, bütün islam dünyasına yönələn təhqirdir. Bu gün Ermənistanda, Göy məscid xaric, demək olar ki, bütün Azərbaycan məscidləri dağıdılıb. Göy məscidin dağıdılmama səbəbi onun guya fars memarlığına aid olmasıdır. Avropa Parlamenti hazırda Ermənistan parlamentindən seçilmir. Erməni lobbisinin maliyyəsi hesabına seçilən deputatlardan başqa nəsə gözləmək doğru deyil. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etdiyi bir zamanda parlamentin bir çox deputatı Avropa dəyərlərinə yox, erməni maraqlarına xidmət edən çıxışlar edirdi. Avroparlament erməni maraqlarını dünyəvi dəyərlərdən üstün tutur”.
Politoloq hesab edir ki, bu riyakarlıq, ikiüzlülük və milli-dini ayrıseçkilikdir.
Vidadi ORDAHALLI