Bir müddət əvvəl Ermənistan kommunistləri Rusiyaya dəstək aksiyası keçirdilər. Halbuki, ondan əvvəl ermənilər dəfələrlə antiRusiya mitinqləri keçirirdilər. Son vaxtlar isə Rusiya lehinə mitinqlər təşkil edirlər.
Bu arada, ABŞ-ın İrəvandakı səfirliyi qarşısında Ukraynaya dəstəyi dayandırmaq tələbi ilə Rusiyaya dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları ABŞ və NATO-nu tənqid edib, onlardan Ukrayna hakimiyyətinə dəstəyi dayandırmağı tələb edib. Eyni zamanda Moskvanın Donbası qorumaq üçün atdığı addımların lehinə danışıblar. Onlar Ukraynada baş verənləri ərazi uğrunda müharibə deyil, dəyərlərin, mədəniyyətin və adət-ənənələrin qorunması əməliyyatı, faşizmə qarşı müharibə adlandırıblar. Daha sonra aksiyaçılar Rusiya səfirliyinə doğru yürüş ediblər.
Bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan Parisə gedir, o biri tərəfdən xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçirilən forumda iştirak edir, üçüncü bir tərəfdən də İrəvanda Rusiyaya dəstək aksiyaları keçirilir. Bəlli deyil bunlar hansı mövqedən çıxış edirlər. Ermənilərin bu cür oyunbaz siyasət aparması nə deməkdir?
“Təəssüf doğuran məqam odur ki, dünya ermənilərin bu riyakarlığını görməzdən gəlir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, bunlar eyni vaxtda 2 stolda oturmaq istəyirlər: “Bütün dünyanın Rusiyanın Ukraynaya təcavüzünü pislədiyi bir dövrdə ermənilər bunun əksini ortaya qoyurlar. Əslində baş verənlər ermənilərin əsl simasını ortaya qoyur. Çünki ermənilər də başqasının ərazisinə təcavüzə meylli bir toplumdur. Sorosun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan indiyə qədər özünü Qərbpərəst kimi təqdim edirdi. Bu səbəbdən Qərb Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini görməzdən gəlirdi. Ermənilərin Rusiyaya dəstəyi bir daha onların əsl simasını ortaya qoydu. Bəlli oldu ki, bunlar necə riyakardılar. Bizim ölkədə də elə kəsim var idi ki, Paşinyanı demokratik bir fiqur kimi təqdim edirdilər. Ancaq hadisələrin gedişi göstərir ki, ermənilər istənilən vaxt öz müttəfiqlərini satmağa hazırdılar. Təəssüf doğuran məqam odur ki, dünya ermənilərin bu riyakarlığını görməzdən gəlir. Ancaq istənilən halda bütün bunların üzə çıxması müsbət haldır. O üzdən, bizim diplomatlar fəal olmalıdılar. Ermənilərin riyakarlığını dünyanın diqqətinə çatdırmalıdılar. Azərbaycan xarici siyasətdə ermənilərin bu satqın mövqeyindən maksimum istifadə etməlidir. Sözügedən məsələdə təkcə dövlət qurumları deyil, dispor təşkilatları da fəallıq göstərməlidir. Dünya mediasında bu baş verənlər öz əksini tapmalıdır”.
Partiya sədri onu da qeyd etdi ki, tarixən ermənilər vəziyyətdən asılı olaraq güclünün yanında yer alıblar.
Vidadi ORDAHALLI