İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri İtaliya Respublikası Nazirlər Şurasının sədri Mario Draqinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və telefon söhbəti vaxtı müzakirə olunmuş mövzulara geniş diqqət ayırıb.
İtaliyanın aparıcı xəbər agentlikləri olan “ANSA”, “Adnkronos”, “Agenzia Nova”, “AGİ”, “AİSE”, “La Presse”, eləcə də “İnsideover”, “Notizie Geopolitiche”, “Kmetro0”, “Giornale Diplomatico”, “Startmag”, “Tusiaweb”, “RTL”, “Affari Italiani”, “Borsa Italiana”, “La Ragione”, “La Sicilia”, “Notizie Yahoo”, “Informazione”, “TFNews”, “Alto Adige”, “Radio Studio Due”, “TV7”, “Sasari Notizie”, “Olbia Notizie”, “Giornale Radio” və sair kimi mətbuat orqanları tərəfindən dərc olunmuş yazılarda İtaliya Respublikası Nazirlər Şurasının Mətbuat Xidmətinin və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına əsasən 8 mart tarixində İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və söhbət zamanı Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi, xüsusilə də enerji sahəsində əməkdaşlıq, Ukraynadakı böhranla bağlı vəziyyətə dair mövzuların müzakirə edildiyi bildirilib.
Dərc olunmuş məlumatlarda telefon söhbəti zamanı bu il Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb. Bu müddət ərzində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub. Habelə bildirilib ki, söhbət zamanı Azərbaycan və İtaliya arasında iqtisadi, ticarət və enerji sahələrində səmərəli əməkdaşlığın qurulduğu, enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb və Azərbaycanın İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutduğu qeyd olunub. Həmin məlumatlarda telefon danışığı zamanı mədəniyyət və təhsil sahələrində həyata keçirilən uğurlu əməkdaşlıq layihələrinin müzakirə olunduğu, bu xüsusda Bakıda İtaliya-Azərbaycan universitetinin yaradılmasının əhəmiyyətinin vurğulandığı, eləcə də tərəflərin iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını bildirdikləri qeyd olunub. Məlumatlarda eləcə də, telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsinin aparıldığı da bildirilib.