Rus sülhməramlılarının bir hissəsinin Qarabağdan çıxdığını əks etdirən görüntülər yayılıb. Bildirilib ki, buna Ukrayna ilə müharibə səbəb olub.
İddialara görə, Qarabağdakı sülhməramlıların bir hissəsi Ukrayna ilə müharibəyə cəlb olunacaq. Həmçinin başqa bir versiyaya görə, sülhməramlıların bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olan hərbçilər isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər.
Azərbaycan Müdafiə Nazirliyi martın 8-dən 9-na qədər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki "qanunsuz erməni silahlılarının" Azərbaycan ordusunun mövqelərini fasilələrlə atəşə tutduğunu açıqlayıb.
Nazirliyin açıqlamasına görə, Azərbaycan silahlı qüvvələrinin Xocalı və Goranboy rayonlarında yerləşən mövqeləri onların hədəfi olub və cavab atəşi açılıb.
Ermənistan mətbuatı yazır ki, Qarabağdakı "erməni qüvvələri Azərbaycan mövqelərini atəşə tutmayıb, əksinə, martın 7-də iki dəfə və martın 8-də üç dəfə Xramort kəndi və kənd qəbiristanlığı “minaatanlardan" atəşə tutulub.
Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını hıqiqət saymaq olarmı?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələlik bu, iddia kimi səslənir: “Ortada bir video var. Həmin videoda qoşunların kolon şəkildə Qarabağı tərk etdiyi əks edilmir. Qarabağdakı sülhməramlılar ora öz istəyi ilə yerləşməyib. Rusiya hərbçilərini Qarabağdan çıxarmaq istəyirsə, bununla bağlı üçtərəfli danışıqlar aparılmalıdır. Sülhməramlıların Qarabağda yerləşməsinə üç ölkə birgə imza atıb. Bu sənəd əsasında hansısa şərtlər irəli sürülə bilər. Lakin üçtərəfli danışıqlardan sonra qərarın verilməsi mümkündür. İndiki vəziyyətdə sülhməramlıların Qarabağdan çıxarılması inandırıcı görünmür.
Sülhməramlı qüvvələr Rusiya Müdafiə Nazirliyinə tabedir. Onlardan necə istəyirlərsə, istifadə edə bilərlər. Ancaq bu, sülhməramlı missiyanı başa çatdırdıqdan sonra mümkün ola bilər. Gerçəklik ondan ibarətdir ki, Rusiya sülhməramlı missiyasını dayandırmayıb. Əgər missiyanı dayandırmalı olsalar, bunu hüquqi sənəd əsasında etməlidirlər”.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanat əsasında rusiyalı sülhməramlılar Qarabağa gəlib.
Qarabağın bəzi ərazilərinə yerləşdirilən sülhməramlıların əsas missiyası sülhyaratma əməliyyatına yardım etmək, üçtərəfli bəyanatın icrasını təmin etməkdir. Lakin geridə qalan müddət ərzində sülhməramlılar dəfələrlə qeyri-adekvat hərəkətlərlə gündəmə gələrək, Azərbaycan ictimaiyyətinin etirazına səbəb olublar.
Məhəmmədəli QƏRİBLİ