Son vaxtlar Avropa qurumlarının Azərbaycana yönəlik ədalətsiz fəaliyyəti səngimək bilmir. Gah ATƏT-in Minsk Qrupunun bərpası məsələsini, gah da Qarabağda guya erməni mədəni abidələrinin təhlükə altında olduğunu qabardırlar.
Bu arada Avropa Parlamentindən növbəti haqsızlıq gəlib. Avropa Parlamentinin deputatı Peter van Dalen bəyan edib ki, Avropa Parlamenti Qarabağda mədəni irsin dağıdılması ilə bağlı müzakirələr keçirəcək və qətnamənin qəbul olunmasına səs verəcək: “Bəli! Biz bacardıq! Avropa Parlamenti bu gün plenar iclas keçirəcək, orada Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı müzakirələr və qətnamənin səsverməsi olacaq”.
O da qeyd olunub ki, müharibədən sonra erməni tərəfi dəfələrlə həmin ərazilərdə kilsələrin və digər mədəniyyət, tarixi abidələrin təhlükəsizliyindən narahatlığını bildirib. İrəvan “vandalizmin” və xristian ziyarətgahlarının dağıdılmasının qarşısının alınmasında Rusiyanın, eləcə də YUNESKO-nun iştirakına ümid edir. Sənəddə iddia olunur ki, güya mərhum Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin idarəetməsi dönəmində Azərbaycan Qarabağda 100-dən artıq kilsəni və xrıstian abidələrini məhv edib.
Göründüyü kimi, Avropa təsisatları şüurlu şəkildə ermənilərin yalanına uyaraq Azərbaycanla bağlı ədalətsiz qərarlar qəbul etmək istəyirlər. Təəssüf doğuran məqam odur ki, Avroparlament Azərbaycanın indiki dövrdə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu belə nəzərə almaq istəmir.
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, Avropa Parlamentinin bu qətnaməsi böhtan xarakterlidir: “Əslində belə sənədlər Ermənistan əleyhinə qəbul edilməlidir. Çünki Qarabağda bizim məscidlərimiz, qəbirlərimiz vandallığa məruz qalıb. İşğala məruz qalan ölkə bizik, onlar deyil. Avropa Parlamenti bu məsələdə həm erməni lobbisinin təsiri altına düşür, həm də açıqca xristian təəssübkeşliyi edir. Heç bir əsası olmayan bir sənəddir. Nə mərhum Heydər Əliyevin, nə də İlham Əliyevin hakimiyyəti dönəmində kilsələrə qarşı heç bir hörmətsizlik edilməyib. Əksinə, Azərbaycan xalqı tolerantlıq nümunəsi ortaya qoyub. Hazırda Bakının düz mərkəzində bir neçə kilsə var. Hətta erməni kilsəsi də içindəki ədəbiyyatla birlikdə qalır. Erməni katolikos Bakıda olanda həmin kilsədə gördüklərindən təəccübünü gizlətmədi. İnanmadı ki, erməni kitablarını belə qoruyub saxlamaq olar. Ancaq gedin görün, onlar bizim məzcidləri nə günə qoyublar. Bizim ölkəmiz gedib Vatikanda katakombaları bərpa edirsə, necə ola bilər ki, öz ərazisindəki mədəni irsi dağıtsın? Bunun qarşısında Avropa Parlamentinin məlum mövqeyi həyasızlıqdan başqa nəsə deyil. Bu həm də bizim dini liderlərimizin zəifliyinin bariz nümunəsidir. Onlar indiyə qədər Azərbaycanla bağlı lazımi təbliğatı aparsaydılar, belə hallarla rastlaşmazdıq. Yenə də gec deyil. Bizim Ermənistan ərazisində dağıdılan məbədlərimiz barədə ətraflı təbliğat aparılmalıdır. Hətta qədim Alban abidələrinin necə erməniləşdirilməsilə bağlı təbliğatı gücləndirməliyik. Şuşanın özündəki kilsəni də biz təmir edirik. Bu kimi hallar monodini və monoetnik ölkələrdə baş verə bilər. Həmin parametrə isə tam olaraq Ermənistan cavab verir”.
Məhəmmədəli QƏRİBLİ