Son günlər Rusiyanın rəsmi media orqanlarında Azərbaycanla bağlı yoxlanılmamış, həqiqəti əks etdirməyən məlumatların yayılması adi hal alıb. İki gün əvvəl Rusiya telekanalları belə bir məlumat yaydılar ki, guya Azərbaycanda Birləşmiş Ştatlara məxsus gizli biolaboratoriyalar fəaliyyət göstərir.
Bu azmış kimi, Rusiyanın dövlət mediasından Azərbaycana yönəlik növbəti təxribat xarakterli dezinformasiya yayılıb. RİA “Novosti” agentliyinin yaydığı məlumata görə, Qarabağ müharibəsində iştirak edən Suriya terrorçuları Ukraynaya yollanıb: “Türkiyə 2020-ci ildə Ermənistanla münaqişədə iştirakdan sonra Dağlıq Qarabağda qalan suriyalı yaraqlıları Ukraynaya döyüşməyə göndərib. Qarabağda müharibədən sonra yaraqlıların əksəriyyəti orada qalıb. Türkiyə Ukrayna ordusunun tərəfində münaqişədə iştirak etmək üçün Suriya və digər ölkələrdən olan yaraqlıların bir hissəsini Qarabağdan Ukraynaya göndərib”.
Özü də RİA “Novosti” agentliyi bu “məlumatı” Suriya müxalifətindəki “mənbəyə” istinadən yayıb. Guya ki, “etibarlı mənbə”dir.
Maraqlıdır, iki ölkə arasında müttəfiqlik Bəyannaməsinin imzalanması fonunda belə yalan məlumatların yayılmasında məqsəd nədir? Nə baş verir?
“Rusiya rəsmi informasiya vasitələrinin belə yalan məlumatlar yayması müttəfiqlik Bəyannaməsinin ruhuna uyğun gəlmir”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Azər Həsrətin fikrincə, bütün bunlar təsadüfə oxşamır: “Həqiqətən də son vaxtlar Rusiya mediasında belə xoşagəlməz tendensiya müşahidə edilir. Rusiya mediasının bizə münasibəti və bunun səbəbləri bəllidir. Çünki uzun illərdir Rusiya mediasında Azərbaycanla bağlı qərəzli məlumatlar yayılmaqdadır. Fikrimcə, bunun arxasında böyük güclər, o cümlədən dövlət durur. Təəssüf doğuran məqam odur ki, Azərbaycan tərəfi olaraq biz onlara vaxtında gərəkən reaksiyanı vermirik. Söhbət bizim kimi adamların onlayn media üzərindən verdiyi reaksiyadan getmir. Söhbət müvafiq qurumların vaxtında buna reaksiya verməsindən gedir. RİA “Novosti” agentliyinin yaydığı həmin məlumatı mən də oxudum. Utanmadan yazırlar ki, guya 2000 nəfər Suriya terrorçusu Qarabağda vuruşub. Daha sonra onlar Azərbaycanda qalıblar və indi də bir qismi Ukraynaya göndərilib. Təbii ki, belə bir məlumat Azərbaycana qarşı iftiradır. Ancaq bununla kifayətlənmək olmaz, agentlikdən izahat tələb edilməlidir. Azərbaycan dövlətinin müvafiq orqanları RİA “Novosti”nin “boğazından” yapışmalıdır. Göstərsinlər görüm o 2000 nəfər suriyalı terrorçu haradadır? Bu qədər yalan olmaz axı. Bununla belə, Azərbaycan rəsmi səviyyədə Rusiya ilə bu məsələlərlə bağlı işləməlidir. Fevralın 22-də iki dövlət arasında müttəfiqlik Bəyannaməsi imzalanıb. Orada 43 bənd var və o cümlədən, informasiya təhlükəsizliyi məsələləri öz əksini tapıb. Rusiya rəsmi informasiya vasitələrinin belə yalan məlumatlar yayması müttəfiqlik Bəyannaməsinin ruhuna uyğun gəlmir. Ona görə də sözügedən məsələlərin üzərinə daha çox rəsmilər getməlidir”.
Bir sözlə, media eksperti hesab edir ki, ən yüksək səviyyədə qarşı tərəfdən izahat tələb edilməlidir.
Vidadi ORDAHALLI