Belə iddialar var ki, Azərbaycan Rusiyaya tətbiq edilən sanksiyalara görə milyardlar qazanacaq. Rusiya ilə birbaşa sərhədik və müttəfiqlik sazişimiz var. Bu da imkan verəcək ki, Rusiyanın strateji məhsullarını öz ərazimizdən sataq. Eyni zamanda bəzi ölkələr də Rusiyaya mal satmaq üçün bunu Azərbaycan vasitəsilə reallaşdıra bilər. Belə olan halda Azərbaycan da beynəlxalq sanksiyaların təsiri altına düşə bilərmi? Qazanmaq şansımız çoxdur, yoxsa itirmək?
İlham Əliyev həm də Rusiya ilə neft-qaz ticarətini bu müttəfiqlik bəyanatında rəsmiləşdirdi. İndi isə baxın: Rusiyaya sanksiyalar tətbiq edilir, neft-qazını sata bilməyəcək, Azərbaycan isə onun qaz-neftini su qiymətinə alıb, Avropaya baha satıb, durduğu yerdə milyonlar qazanacaq...
Bütün bunları dünyanın tanınmış ekspertləri deyir.
İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son statistik məlumatlara görə, Azərbaycanla Rusiya arasındakı mal dövriyyəsinin həcmi 2,6 milyard həcmindədir: “Bunun əsas hissəsi, yəni 1,9 milyardı Rusiyadan etdiyimiz idxalın payına düşür. Cəmisi 700 milyonu bizim ixrac məhsullarımızın payına düşür. Rusiyanın böyük sanksiyalara nə qədər duruş gətirəcəyini söyləmək çətin deyil. Vəziyyət çox ağır olacaq. Azərbaycanın bu situasiyadan ciddi iqtisadi dividend qazana biləcəyini söyləmək səhv fikirdi. Azərbaycan belə əməliyyatları yerinə yetirərsə, dərhal sanksiyalar altına düşər. Onsuz da bizim rusqlərimiz yüksəkdir. Beynəlxalq təşkilatlarda bizimlə bağlı bəzi fikirlər səslənib. Hələlik məsələni ciddiyyə almırlar. Təbiidir ki, biz özümüzü həmin risqə ata bilmərik. Onu da deyim ki, Rusiya həm də böyük taxıl ixracatçısıdər. Biz də onlardan taxıl alırıq. Təkcə qardaş Türkiyə ildə 3,5 milyon ton taxılı Rusiyadan idxal edir. Bütün bunları nəzərə alıb demək olar ki, yalnız Rusiyanın daxili bazarında ucuzlaşma ola bilər. Biz bundan faydalanıb, özümüz üçün ucuz mal ala bilərik. Sanksiya tətbiq edilən ölkəni vəziyyətdən çıxarmaq üçün əlavə addımlar atmaqla birbaşa sanksiya tətbiqinin subyektinə çevrilmiş olarıq. Bu da olduqca təhlükəlidir”.
Məhəmmədəli QƏRİBLİ