Artıq 14 gündür Rusiyanın Ukraynada apardığı müharibə davam edir. Ancaq Rusiyanın gözləntiləri özünü doğrultmur. Məsələ ondadır ki, ilk günlərdə Ukrayna müharibəsinin 2-3 günə yekunlaşdırılması planlaşdırılırdı. Kreml hesab edirdi ki, ildırım sürəti ilə Ukrayna ordusunu məğlub edəcək və öz istəyinə çatacaq. Ancaq gözləntilər tam əksinə oldu. Həm Ukrayna müharibəsi uzanır, həm də Rusiyanın itkiləri artır.
Vəziyyət o həddə gəlib çatıb ki, Rusiya hakimiyyətinin əsas təbliğatçıları belə, yanıldıqlarını etiraf edirlər. Məsələn, rusiyalı telejurnalist Vladimir Solovyov və hərbi ekspert Yakov Kedmi “Soloviev Live” verilişinin efirində Ukraynadakı vəziyyəti müzakirə ediblər. Kedmi əməliyyatın uğurunu şübhə altına alıb. O bəyan edib ki, demək olar, iki həftə ərzində Rusiya ordusu heç bir şəhəri ələ keçirməyib, heç bir şəhərdə hakimiyyət dəyişməyib. Kedmi qeyd edib ki, hətta Rusiya ilə sərhəddə yerləşən (Xarkov kimi) və işğal olunmuş (Xerson kimi) şəhərlər də müqavimət göstərir.
Solovyov isə əməliyyatın Rusiyaya məhv olma bahasına başa gələcəyini deyib: “Aydındır ki, biz hələ də iblis hesab olunuruq. Nə olmağımızdan asılı olmayaraq, onlar bizə nifrət edəcəklər, Qərbə nifrət edəcəklər, uzun müddət. Və biz, sadəcə olaraq, müharibəni udub bəyan edilmiş məqsədlərlə bitirə bilmərik. Çünki əks halda bu, Rusiyanın məhvinə səbəb olacaq”.
Bütün bu deyilənlərin fonunda hesab etmək olarmı ki, Ukraynada Rusiya kəşfiyyatı bilərəkdən, ya da bilməyərəkdən Putini aldadıb? Yəni Ukraynanın hərbi imkanları barədə düzgün məlumat verməyib.
“Fakt odur ki, Rusiya kəşfiyyatı oradakı real hərbi vəziyyəti düzgün qiymətləndirməyib”
Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə hesab edir ki, bir sıra amillərlə əlaqədar Putin aldadılıb: “Sözsüz ki, Ukrayna məsələsində Putini aldadıblar. Ancaq indi sual ondan ibarətdir ki, düşünülmüş şəkildə buna gediblər, yoxsa düşünülməmiş formada bu addımı atıblar. Fikrimcə, düşünülməmiş formada buna gediblər. Əvvəllər Putinlə işləmiş məmurlar deyir ki, o, mənfi xəbərləri eşitməyi xoşlamır. Kremldə elə bürokratik vəziyyət yaranıb ki, çalışırlar Putinə pis məlumat verməsinlər. O üzdən, Putinə Ukrayna ilə bağlı yalan məlumatların verilməsi reallığı əks etdirir. Fakt odur ki, Rusiya kəşfiyyatı Ukraynada real hərbi vəziyyəti düzgün qiymətləndirməyib. Nəticədə rus ordusu biabırçı bir vəziyyətlə üzləşib. Belə vəziyyətdən Rusiya hərbi və kəşfiyyat elitası bir çıxış yolu da görmür. Bunlar nəzərə almalı idilər ki, 8 ildir ABŞ hərbi təlimatçıları Ukrayna ordusu ilə işləyir. Müasir silah sistemlərindən istifadə qaydalarını, hərbi taktika və yenilikləri öyrədirdilər. İndi də Ukrayna ordusu ən müasir müdafiə silahları ilə təmin edilir. Hətta xaricdən peşəkar hərbçilərin gəlib Ukraynada döyüşməsi təşkil edilir. Bir tərəfdən Putin inadkarcasına geri çəkilmək istəmir, o biri tərəfdən Rusiya ordusunda hücum etməyə motivasiya yoxdur. Müharibənin uzanması isə Rusiyanın əleyhinə işləyir”.
Hərbi ekspert onu da qeyd etdi ki, bu gedişlə müharibənin uzanması ehtimalı istisna olunmur.
Vidadi ORDAHALLI