Ukraynanın sabiq prezidenti, Rusiyanın yenidən hakimiyyətə gətirmək istədiyi haqda iddialar yayılan Viktor Yanukoviç prezident Volodimir Zelenskiyə müraciət ünvanlayıb.
Yanukoviç Zelenkini axan qanı istənilən yolla dayandırmağa çağırıb:
“Mən yaxşı bilirəm ki, sizin çoxlu “məsləhətçiniz” var, ancaq şəxsən siz istənilən yolla, hər vasitə ilə qan axıdılmasını dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Bunu sizdən Ukraynada, Donbasda və Rusiyada gözləyirlər”.
Yanukoviç deyib ki, belə bir addıma görə Ukrayna xalqı və Kiyevin Qərb partnyorları ona minnətdar olacaq:
“Mən prezident və hətta müəyyən qədər ata kimi Volodimir Zelenskiyə səslənmək istəyirəm: Volodimir Aleksandroviç, siz yəqin ki, əsl qəhrəman olmağı arzulayırsınız! Ancaq qəhrəmanlıq nümayiş üçün deyil, o, son ukraynalıya qədər vuruşmaq üçün də deyil! Qəhrəmanlıq - insanların həyatını xilas etmək naminə özünü qurban vermək, öz qürur və ambisiyaları üzərində qələbə çalmaqdadır”.
O bildirib ki, hazırda ölkəsində baş verənləri ağrı ilə qarşılayır:
“Bütün faciələrin qarşısını almaq üçün imkan var. İlk gündən siz Ukraynada müharibənin qarşısını almağı vəd etmişdiniz və məhz buna görə Ukrayna sizi dəstəklədi. Siz sülhün prezidenti ola bilərdiniz, amma təəssüf ki, bu baş vermədi”.
Yanukoviçin bu jestləri Ukrayna xalqının yenidən onu rəhbər kimi görməsinə əsas yarada bilərmi?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ukraynanın sabiq prezidenti Yanukoviçin yenidən siyasi arenada peyda olması Rusiya hakimiyyətinin məsləhətilə baş verib: “Tamamilə mümkündür ki, Rusiya Zelenskini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, Belarusda Lukaşenkonu necə hakimiyyətdə zorla əyləşdirdisə, Ukraynada da Yanukoviçlə bağlı bənzər siyasəti həyata keçirmək istəyir. Belə məqamda onun verdiyi məsləhətlər, təbiidir ki, ciddi qəbul oluna bilməz. Reallığa qətiyyən uyğun olmayan fikirlərdir. Bu gün Zelenskinin geri çəkilmək imkanları son dərəcə məhduddur. Artıq xalqı Rusiyaya qarşı qəti döyüşə hazırlayan və hər gün dalbadal bəyanatlar verən, Moskvanın addımlarını faşizm adlandıran Zelenskinin belə məsləhətlərə qulaq asması onun siyasi ölümü anlamına gələ bilər. Xalq bunu qətiyyən qəbul edə bilməz. Makronun vasitəçilik səylərindən istifadə edib Rusiya ilə danışıqlara getmək olardı. Onda Rusiyanın tələbləri bu qədər böyüməmişdi. Ən azı, vaxt udmaq olardı. Çox təəssüf ki, səylər uğursuz oldu. Bu baxımdan da, Zelenskinin çox ağır şərtlər altında sülh razılığı verməsi həddən artıq çətindi. Çox təəssüf ki, dünya birliyi Rusiyanı durdurmaq yox, çökdürmək yolunu seçdi. Bu məqsəd üçün də Ukraynanı qurban verdi. Rusiyanın çökməsi, iqtisadi cəhətdən zərbə alması heç kimdə şübhə doğurmur. Rusiyanı çox ağır günlər gözləyir. Bu baxımdan da, Yanukoviçin məsləhətlərinin prosesə heç bir təsiri ola bilməz”.
Məhəmmədəli QƏRİBLİ