Rusiya Prezidenti Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında vasitəçiliklə bağlı görüş olub.
Kremlin məlumatına görə, Putinlə Prezident Əliyev arasında telefon danışığı olub. Görüşdə Ukraynada baş verən hadisələrin müzakirə edildiyi qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Bununla bağlı Prezident Əliyevin rəsmi sosial şəbəkə hesabında bildirilir ki, Ukrayna Prezidenti Zelenski Azərbaycan Prezidentinə atəşkəsə nail olmaq, münaqişənin siyasi səviyyədə həlli istiqamətində göstərdiyi səylərə, Ukrayna xalqına dərman və tibbi ləvazimat göndərdiyinə görə təşəkkür edib.
Zelenski isə xalqa videomüraciətində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona Rusiya lideri Vladimir Putinlə münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif ediblər.
Ukrayna dövlət başçısının sözlərinə görə, fevralın 26-da o, bir sıra xarici dövlətlərin başçıları, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
"Onlar Rusiya ilə danışıqları təşkil etməyi təklif etdilər və bunu ancaq alqışlamaq olar", - Zelenski bildirib.
Tahir TAĞIYEV