Milli Hərəkatçılar Birliyi (MHB) Rusiyanın işğalına qarşı Ukraynaya dəstək bəyanatı yayıb.
Bəyanatda deyilir:
“Sovet İttifaqı dağıldıqdan sonra bağımsız dövlətlərin qurulmasıyla heç cür barışa bilməyən Rusiya Federasiyası (RF) uzun illərdən bəri bəzən birbaşa, bəzən də dolaylı yollarla bu dövlətləri təhdid edir, onlara problemlər yaradır. Bu təcavüzkar siyasətin ilk qurbanları Azərbaycan, Moldova və Gürcüstan oldu. Son illərdə isə eyni problemlər Ukraynanın da qarşısına çıxmış, 2014-cü ildə Kırım RF tərəfindən ilhaq edilmiş, Şərqi Ukrayna vilayətlərindən Luhansk və Donbasda separatçı birləşmələr müstəqillik elan etmişlər. Son iki aydan bəri yaşanan hadisələr nəticəsində fevralın 21-də RF bu separatçı qurumları müstəqil dövlət olaraq tanıdı. 24 fevralda isə onları qorumaq kimi saxta bir bəhanəylə Ukrayna torpaqlarına hücuma keçdi. Ukrayna dövləti və xalqı öz ölkəsinin müdafiəsinə qalxdı. Bütün dünya bu əliqanlı təcavüzkara qarşı mücadilədə Ukraynanı dəstəklədi.
MHB olaraq bildiririk ki, hadisələrin gedişi və nəticəsi nə olursa olsun Ukrayna xalqının mücadiləsi haqq mücadiləsidır, Rusiya işğalçı və təcavüzkar ölkə olaraq etdiklərinin cəzasını çəkəcək, Ukrayna torpaqlarından çıxmağa məcbur olacaqdır.
Bu gün Ukrayna xalqının apardığı mübarizə təkcə öz ölkəsnin deyil, bütün postsovet dövlətlərin Rusiya təhdidindən birdəfəlik qurtulmasına gedən yolu açacaqdır. Bu mübarizə haqsızlığa qarşı haqqın, zülmə qarşı ədalətin, əsarətə qarşı özgürlüyün mübarizəsidir. Dünyanın ən geniş bölgəsində orta əsrlərdən qalma metodlarla, çarlıq dönəminin siyasətiylə, silah qorxusuyla xalqları tabe etmək, onların maddi və mənəvi qaynaqlarını sömürmək artıq mümkün olmayacaqdır.
Buna görə də mütərəqqi dünya və əsrlərdən bəri Rusiyanın təcavüzkar siyasətinə məruz qalan bütün xalqlar Ukraynanın yanındadır, ona dəstək verir.
Milli Hərəkatçılar Birliyi (MHB) olaraq biz bu mücadilədə təcavüzkar Rusiyaya qarşı dirənən Ukraynanın yanındayıq, onun vətən uğrunda apardığı şərəfli mübarizəni qazanacağına inanırıq. Bu haqlı mücadiləyə dəstək vermək, təcavüzkarı durdurmaq bir insanlıq borcudur. MHB ilə əməkdaşlıq edən bütün təşkilatları, demokratiya və özgürlük mücahidlərini, özəlliklə Ukraynada yaşayan MHB üzvlərini və bütün soydaşlarımızı bu haqlı savaşda Ukrayna xalqına hər cür dəstək olmağa, əllərindən gələn köməyi göstərməyə çağırırıq.
Həmçinin Azərbaycan dövlət rəsmilərini Ukraynaya dəstək vərməyə, başda humanitar yardımlar olmaq şərtilə, xalqın ehtiyac duyduğu yardımları göstərməyə səsləyirik.
İnanırıq ki, haqq qalib gələcəkdir!”