Rusiya qoşunları bu gün Kiyevə tanklarla hücuma keçməyə hazırlaşır. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Twitter səhifəsində bildirib:
“Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank kalonları ilə İvankova və Çerniqov istiqamətindən Kiyevə soxulmaqdır. Rus tankları bizim tank əleyhinə raketlərimizin -“Stuqna”, “Korsar”, müttəfiqlərimizin verdiyi NLAW və “Javelin” raketlərinin zərbəsindən yaxşı yanırlar. Kiyevin müdafiəçiləri hazır gözləyir”.
Ukrayna silahlı qüvvələrinin Baş qərargahı isə bildirir ki, hazırda Dimer və İvankov yaşayış məntəqələri ətrafında döyüşlər gedir. Bu istiqamətlərdə Rusiyanın böyük sayda zirehli texnikası irəliləyib.
Göründüyü kimi, Rusiya Kiyevi ələ keçirməklə Ukraynanı tam işğal etməyi planlaşdırır. Rusiyanın belə planı həyata keçirməkdə başlıca məqsədi nədən ibarət ola bilər?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın başlıca məqsədi Ukraynanın bütün ordu sistemini dağıtmaqdır: “Bunun nəticəsində Ukraynanın bütün ərazisini işğal edib, orada özünə uyğun olan Rusiyameylli qüvvələri hakimiyyətə gətirməkdir. İstəyir ki, bundan sonra Ukraynanın özünə gəlib bir də ordu yaratmaq imkanları olmasın. Biz görürük ki, Rusiyanın başlıca hədəfi heç də yalnız Luqansk və Donetsk olmayıb. Bu subyektlərin əhatə dairəsini daha da genişləndirib əlində təzyiq rıçaqı kimi saxlamaq istəyir. Nəzərdə tutduğu plan budur ki, Ukraynanın adı olsun, ancaq “dadı” Rusiyaya aid edilsin. Ukraynaya dəstək verən qüvvələr gərək 1994-cü ildə bütün nüvə başlıqları və qitələrarası raketlərin Kiyevin əlindən alınmasına icazə verməyəydi. Belə təzyiq gücünü əldən vermək olmazdı. Rusiyanın məqsədi SSRİ-ni bərpa etməkdir. Demək olar ki, bütün pistsovet ölkələrində belə qaynar ocaqlar saxlayır. Rusiya ilk olaraq Belərus, Ukrayna və Qazaxıstanı özünə ilhaq etmək istəyir. Gedən proseslər göstərir ki, buna qismən nail olur. Çünki bundan əvvəl Qazaxıstana müdaxilə etdiyinin şahidi olduq. Dünyanın reallığı dəyişib. İş burasındadır ki, Ukraynaya yalnız bəyanatla dəstək verirlər. Heç kim onun yanında durub Rusiya ilə vuruşmur. Ortada sadə Ukrayna xalqı məhv olur”.
Məhəmmədəli QƏRİBLİ