Prezident Əliyevin Moskvada aparıcı KİV rəhbərlərinin suallarına cavablarında diqqətimi ən müxtəlif meyarlarla cəlb edən məqamların heç də hamısına bir yazıda münasibət bildirmək mümkün deyil. Ona görə də, hələlik bəzi seçimələrlə kifayətlənməli olacam.
Əvvəla, Azərbaycan Prezidenti ilə müsahibəyə cəlb edilmiş jurnalistlərin hamısı tanınmış şəxslər idi və aralarında demək olar ki, bircə nəfər də olsa gənc jurnalist yox idi. Oturuşmuş peşəkarlar cəlb olunmuşdu. Təşkilatçılar şəraitin Rusiya-Azərbaycan münasibətləri üçün nə qədər həssas olduğunun fərqindədirlər. İlham Əliyevin qabağına belə həssas və məsul məqamda "uşaq-müşaq"ları çıxarası deyildilər ki?! İnsafən güvəndikləri təcrübəli və yaşlı personalar işlərinin öhdəsindən dəqiq gələ bildilər. Əmin deyiləm ki, onların yerində gənclərə etimad edilmiş olsaydı, onlar bunu bu səviyyədə yarıda bilərdilər.
İkinci, Azərbaycan Prezidentindən Ukrayna ətrafında baş verənlərin sonrakı gedişi barədə proqnozlarını soruşdular. Əliyevin cavabını bəzi "şərhçi deputatlar kimi" cümlə-cümlə təkrarlamağa lüzum görmürəm. Prezidentin cavabını məntiqi olaraq ümumiləşdirmək istəyirəm və məncə elə ən doğru olan da budur. "Hadisələrin birbaşa iştirakçısı deyilik. Birbaşa iştirakçıların planlarını, məqsədlərini, imkanlarını bilmədən proqnoz vermək düz olmazdı. Yəni hadisələrin sonrakı gedişatlarını birbaşa iştirakçılar daha dəqiq deyə bilər". Ancaq Əliyev elə bu suala cavab kontekstində bir şeyi kinayə tonu ilə çox dəqiq və açıq ifadə etdi - 30 ildə bizə deyildiyi kimi mən də deyirəm ki, problemi dinc danışıqlar üsulu ilə həll edin. Bu sözləri gülərək dedi... Ancaq sərrast və ciddi məzmunda dedi...
Düz 30 il bizə "amandır, münaqişənin sülh danışıqları ilə həll yolundan çıxmayın" deyənlər özləri bu gün "Ukrayna bataqlığı"ndadırlar…
Gen qazıb, dərin qazıb özləri düşdülər... Bildikləri qədər çəkmək zorunda qaldılar...
Aydın QULİYEV