Rusiya qoşunları Donbasdan qərbə, Belarus sərhədindən cənuba və Krım yarımadasından şimala doğru sürətlə irəliləyirlər.
CNN İnternational xəbər verdi ki, rus paraşütçüləri bu gün səhər tezdən Ukrayna paytaxtı Kiyevdən təxminən 30 kilometr kənarda yerləşən Antonov aviabazasını ələ keçirib. Burada əməliyyat mərkəzi yaradan paraşütçülər ya irəliləyən rus döyüş maşınlarını gözləyə, ya da gözləmədən özləri hücuma keçə bilərlər.
Prezident Zelenski Rusiya qüvvələrinin paytaxt Kiyevdən 150 kilometr aralıda yerləşən Çerniqov vilayətində irəlilədiyini açıqlayıb. Zelenski böyük itki verdiklərini və Ukraynaya məxsus çoxlu zirehli texnikanın da məhv edildiyini bildirib.
Yüksək rütbəli ABŞ rəsmisi də Rusiya qüvvələrinin Kiyevə doğru irəlilədiyini, hücumun məqsədinin əhali mərkəzlərini ələ keçirmək olduğunu bildirib.
Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasını və Hostomel hava limanını ələ keçirdiyi, Rusiya hava-desant bölmələrinin Krım üzərindən Xersona daxil olduğu bildirilir.
Xarkov şəhəri ətrafında da qızğın döyüşlər gedir. Ukraynanın liman şəhəri Mariupolun da güclü atəşə altında olduğu bildirilir.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi ölkənin şərqində Rusiyanın 7 döyüş təyyarəsi və 5 helikopterini vurduğunu açıqlayıb. Nazirlik həmçinin 50 rus əsgərinin öldürüldüyünü bildirib.
Ukrayna Belarus ərazisindən də 4 ballistik raketin buraxıldığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynaya məxsus 74 yerüstü hərbi infrastruktur sisteminin vurulduğu açıqlayıb.
TAHİR