ATƏT-in Minsk Qrupunu gündəmə qaytarmaq cəhdləri davam edir. Son vaxtlar Avropa İttifaqının təsisatları bununla bağlı xüsusi canfəşanlıq edir. Sanki bir-biri ilə yarışa giriblər. Ən son Avropa Parlamentinin 2021-ci ildə “Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsinə dair” illik hesabatında belə bir çağırış edilib. Qeyd olunub ki, ATƏT-in Minsk Qrupu münaqişənin ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, bərabərlik və gücdən istifadə etməmək prinsipləri əsasında həllində yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır.
Bu arada Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Marina Kalurand və Tərəfdaşlıq Komitəsinin üzvü Marketa Qreqorovla görüşüb. Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Görüşdə Aİ təmsilçiləri bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı altında sülh danışıqları yolu ilə həll edilməlidir. Bu azmış kimi, onlar diversantların və mülki şəxslərin dərhal Ermənistana qaytarılmasını tələb ediblər.
Maraqlıdır, Avropa qurumları niyə Minsk Qrupunun bərpasında davamlı israr edirlər?
“Minsk Qrupu formatının bərpa olunması ilə bağlı çağırışları mənasızdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli hesab edir ki, Qarabağ məsələsində öz varlığını göstərməkdən ötrü Aİ qurumları belə mənasız çağrışlar edirlər: “Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa qurumları bu məsələdə sadəcə “mən də varam” prinsipi ilə işləməyə çalışır. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı çağırışlar da bundan irəli gəlir. Azərbaycan 16 ay əvvəl göstərdi məsələni necə həll edirlər. Müharibəni insan kimi apardı və məsələni bitirdi. İşğal altında olan ərazilərimizin çox böyük hissəsi azad edildi. ATƏT-in Minsk Qrupu 30 ilə yaxın vasitəçilik etsə də, əslində bu qurumun fəaliyyətsizliyi ortada idi. Mənasız danışıqlar kimə lazım idi? Bu ancaq ermənilərin xeyrinə işləyirdi. O mənada ki, status-kvonu uzadırdılar. Ona görə də son illərlə Minsk Qrupu formatı öz səmərəsizliyini göstərdi. İndi sözügedən formata ehtiyac yoxdur. Hesab edirəm ki, Azərbaycan rəsmi və açıq şəkildə bununla bağlı mövqeyini ortaya qoymalıdır. Düzdür, diplomatiyada müəyyən məsələlərə susmaqla cavab verirlər. Ancaq hesab edirəm ki, uyğun məqamda bununla bağlı açıq mövqe ortaya qoyulmalıdır. İstənilən halda, Avropa qurumlarının Minsk Qrupu formatının bərpa olunması ilə bağlı çağırışları mənasızdır”.
Sədr müavini onu da əlavə etdi ki, Minsk Qrupu özünü doğrultmadığı üçün yenidən o formata qayıtmaq olmaz.
Vidadi ORDAHALLI