Rusiya ordusu Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatları genişləndirir. 24 fevral səhər saatlarında yayılan xəbərlərə görə, Belarusda cəmləşdirilmiş Rusiya ordusu qüvvələri də Ukrayna ərazisinə daxil olub.
Dünya mediasında Rusiya tanklarının Ukrayna-Belarus sərhədindəki sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə necə daxil olduğunu əks etdirən kadrlar yayılıb. Ukraynanın sərhəd qoşunlarının onlara müqavimət göstərməsi barədə məlumat yoxdur. Habelə, Ukrayna Dövlət Sərhədi Rusiya qoşunlarının ilhaq edilmiş Krım ərazisindən də hücuma keçdiyini açıqlayıb. Hazırda yarımadanın inzibati sərhədindən Ukrayna ərazisinə hərbi texnikanın keçməsi müşahidə olunur. Hücum şərq istiqamətindən də davam edir, şahidlər Çerniqov vilayətinin Novqorod-Seversk rayonu istiqamətindən Rusiya tanklarının ölkə ərazisinin içərilərinə doğru irəlilədiyini bildirir. Ukraynanın Quru Qoşunlarının komandanlığı Luqansk vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun bir neçə tankının, avtomobil texnikasının və digər döyüş vasitələrinin məhv edildiyini bildirir.
Çox maraqlıdır ki, dünya birliyili Rusiyanın bütün bu addımlarına yalnız iqtisadi sanksiyalar tətbiq etməklə cavab verir. Vəziyyətin bu gedişi nələr vəd edir?
Hazırda proseslərin cərəyan etdiyi ən yaxın ərazidə - Xarkov şəhərində olan İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, vəziyyət kritikdir:
“Ukrayna parlamenti ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Qismən səfərbərliyə də start verilib. Əhali panika içərisindədir. Dünən gecədən başlayaraq Xarkovun ətrafında partlayış səsləri eşidilməyə başladı. Səhərdən etibarən bütün iş yerləri bağlanıb. Əhali kütləvi şəkildə mağazalara axın edir ki, ərzaq alsın. Ərzaq dükanları boşalıb. Kim bacarırsa şəhəri Ukraynanın içərisinə doğru tərk edir. Aldığımız məlumata görə, 220 min adam artıq şəhəri tərk edib. Sizinlə danışdığım dəqiqələrdə məlumat aldıq ki, rus tankları Xarkovu mühasirəyə alıb, həttə bəzi yerlərdən şəhərə daxil də olublar. Onlara elə də ciddi müqavimətin göstərilmədiyi deyilir. Xarkov aeroportu fəaliyyətini dayandırıb. Əhali kütləvi şəkildə Ukraynanı tərk etdiyi üçün Kiyev aeroportunda qələbəlik yaşanır. Biletlər real qiymətindən dəfələrlə baha satılır. Ukraynanın milli valyutası qriven dollar qarşısında kəskin dəyər itirir. Biz Ukraynadakı diaspor fəallarımızla da görüşüb müzakirə apardıq. Ukraynadan çıxmaq istəyən vətəndaşlarımıza kömək göstərilməsini müzakirə etdik”.
Məhəmmədəli QƏRİBLİ