Azərbaycan tərəfindən həbs olunub əfv edildikdən 5 il sonra rusiyalı və israilli bloger Aleksandr Lapşin yenidən Qarabağa qanunsuz səfər edib. Təhlükəsizlik səbəbindən Ermənistandan Azərbaycana və Qarabağa daxil olan yolun bəzi yerlərini Lapşin maska və iri gün eynəkləri taxaraq keçib. O qeyd edib ki, marşrutun bu hissələrində Azərbaycan sərhədçiləri dayanıb və onlar Qarabağa keçənləri diqqətlə izləyir.
Azərbaycan XİN-in "qara" siyahısında olan Lapşin Laçın rayon mərkəzində avtomobildən düşərək sərbəst şəkildə çəkiliş aparıb. Halbuki, belədə Rusiya hərbçiləri Azərbaycanın nəinki jurnalistlərinə, heç hərbçilərinə də Laçın şəhərində avtomobili saxlayıb düşməyə icazə vermir. Adıçəkilən bloger isə Xocavənd şəhərinə səfər edib, Amaras monastır kompleksi və Əsgəran qalasına da baş çəkib və oradan mənzərəni nümayiş etdirib. Kəlbəcər rayonunun Vəngli kəndini də göstərən Lapşin məşhur Gəncəsar monastırından danışıb. Səfərin sonunda o, Xankəndidə də olub və oteldə gecələyib.
Son 5 ilə yaxın müddətdə A.Lapşin dəfələrlə Azərbaycana qarşı, o cümlədən guya Qarabağın ermənilərə məxsus olması haqda çıxışlar edib. Təəssüf doğuran məqam odur ki, Rusiya ilə imzalanan müttəfiqlik Bəyannaməsi də Lapşinin qanunsuz səfərini qarşısını almayıb.
“Ümid edirəm ki, Bəyannamənin işığında Rusiya dövləti Azərbaycana öz jestini edəcək”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, Lapşin kimi adamlara təkrar dərs verməyə ehtiyac var: “Azərbaycan dövləti humanistlik göstərərək o vaxt onu həbsdən buraxdı. Azərbaycan ümid edirdi ki, bu adam ağıllanar, islah olunar və bir daha səhvlər etməz. Azərbaycan hansısa blogerin ölkə ərazisində çəkiliş aparmasına qarşı deyil, amma bunun qanuni yolu var. Lapşin isə qanunsuz formada səfər edərək həyasızcasına bunu dünyaya nümayiş etdirir. Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında müttəfiqlik Bəyannaməsi imzalanıb. İki ölkə arasında müəyyən məsələlər daha asan həll olunacaq. Ümid edirəm ki, Bəyannamənin işığında Rusiya dövləti Azərbaycana öz jestini edəcək. Yəni Lapşini həbs edib növbəti dəfə Azərbaycana təhvil verilməsi üçün tədbirlər görəcək. O zaman Azərbaycan dövləti onu həbsdən buraxmayacaq və o, cəzasını axıra kimi çəkəcək. Bununla belə, onun həbsinə don geyindirənlər, müxtəlif cür rəng verənlər, xüsusən də beynəlxalq təşkilatlar indi buyurub izahat versinlər. O mənada ki, Azərbaycan bu şəxsə qarşı humanizm nümayiş etdirdi, bu adam isə həyasızlığından əl çəkmir. Ona görə də, obrazlı desək, Lapşin onsuz da bizim “qarmağımıza” keçəcək. O zaman kimsə ona qarşı humanizm göstərməklə bağlı çağırış edə bilməz”.
Media eksperti onu da əlavə etdi ki, Lapşinin məlum qanunsuz hərəkəti həyasızlığın son həddidir.
Vidadi ORDAHALLI