Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda qardaş Türkiyə ilə müttəfiqlik sənədini, bu il fevralın 22-də isə dövlət başçısı İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır.
Azərbaycan bir tərəfdən Avroatlantik strukturlarla, NATO, Avropa Birliyi ilə, ABŞ, Böyük Britaniya kimi ölkələrlə, eləcə də MDB-yə üzv olan ölkələrlə sıx əməkdaşlıq edir. Digər tərəfdən GUAM üzvü olan Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və separatizmin heç bir formasını dəstəkləmir. Azərbaycan özü də separatizmdən uzun illər əziyyət çəkib, torpaqlarımıza təcavüz edilib. Azərbaycan dövlətinin xarici siyasətinin əsas prinsiplərindən biri istənilən dövlətin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır.
Təhlükəsizliklə bağlı məsələlərdə də Azərbaycan balansı tam qoruyur. KTMT kimi hərbi blokun söz sahibi olan Rusiya ilə müttəfiqlik münasibətini rəsmiləşdirir. Digər tərəfdən isə alternativ hərbi güc mərkəzi sayılan NATO ilə də bərabər məsafədə dayanmağı bacarır. Bu o anlama gəlir ki, Azərbaycan dünyanın ən önəmli regional hərbi güc mərkəzlərinin hər birindən özü üçün təhlükəsizliklə bağlı zəmanət almış olur.
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür: “Rəsmi Bakının digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Biz heç bir hərbi bloka qoşulmasaq da, lazımi ölkələrlə və qurumlarla normal ikitərəfli münasibətlər qururuq. Azərbaycan Avropa İttifaqına üzv olan 10-dan çox dövlətlə də strateji əməkdaşlıq sazişi imzalayıb: Azərbaycan Avropa məkanının önəmli enerji təminatçılarından biri olmaqla, həm də NATO-nun etimad göstərdiyi etibarlı tərəfdaş ölkədir. Eyni zamanda, yaxın coğrafiyamız olan Türk Dövlətləri Təşkilatında öncül fəaliyyətinə və verdiyi töhfələrə görə əsas lokomotiv ölkələrdən biridir. Azərbaycan qardaş Türkiyə ilə münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək müttəfiqlik səviyyəsinə çatdırıb. Bütün bunları gördükləri üçün biz əsas regional güc təşkilatları sayılan NATO və KTMT ilə də balansı qoruya bilirik. Biz faktiki olaraq hər iki qurumdan təhlükəsizliyimizlə bağlı zəmanət ala bilmişik. Təbiidir ki, bütün bunlar yürüdülən çoxvektorlu və uğurlu xarici siyasət kursunun hesabına mümkün olur. Qeyd edim ki, Rusiyadan əvvəl Prezidentin Avropaya səfəri reallaşdı və orada Avropa strukturları və həmçinin NATO ilə önəmli danışıqlar aparıldı. Biz hər iki tərəfin bizə olan güvənini NATO ilə Rusiya rəsmiləri arasında görüş yeri kimi dəfələrlə Bakının seçilməsində görmüşük. Bu bir daha Azərbaycanın qazandığı etibar və güvənin nümunəsi sayıla bilər”.
Məhəmmədəli QƏRİBLİ