Məlum həqiqətdir ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan üçün bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanımaları baxımından unikal imkanlar yaranıb. Bu kontekstdə Azərbaycan müvafiq addımlar atıb, qeyd edilən istiqamətlər, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistana müraciətlər edib. Lakin Azərbaycanın regionda sülh və əməkdaşlığa hesablanmış addımlarına və təkliflərinə hələ də Ermənistan tərəfindən adekvat reaksiya sərgilənmir, daha doğrusu, İrəvan bu istiqamətdə ləng addımlar atır.
Qeyd edək ki, bu məsəslə Rusiyaya səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən də gündəmə gətirilib. Belə ki, Prezident İlham Əliyev Moskvada mətbuat üçün səsləndirdiyi bəyanatında bu xüsusda bildirib: "Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək". Qeyd edək ki, Azərbaycanın bu yanaşması, əslində, Rusiya tərəfindən də dəstəklənir. Hər halda, Vladimir Putinin də mətbuata bəyanatında yer alan fikirlər bunu təsdiqləyir: “Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Rusiya öz tərəfindən bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək. Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik”.
Putinin bu açıqlamalarından bəlli olur ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Kreml İrəvana təzyiq göstərərək prosesin tezliklə yekunlaşmasına çalışacaq. Çünki bu, regionda hadisələrin bundan sonra dinc müstəvidə inkişafını təmin edəcək. Məsələ burasındadır ki, region dövlətlərinin yeni əməkdaşlıq formatının qurulması, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması sülh üçün əsas şərtdir. Sərhədlərin müəyyənləşməsi olduqca zəruri proses, tərəflər arasında mövcud sərhədyanı ərazilərdə baş verə biləcək gələcək münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan önəmli məsələdir. Bunu Rusiya da başa düşür. Digər tərəfdən, ötən il noyabrın 26-da Soçidə üçtərəfli görüş zamanı imzalanan növbəti bəyanatda əksini tapan əsas məsələlər nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə ikitərəfli komissiyanın yaradılması olub. Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası sülh sazişinin imzalanması üçün mühüm hazırlıq mərhələsi hesab olunur. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Ermənistan bu məsələlərin həllini bilərəkdən yubadır. Düzdür, Ermənistan rəsmiləri tez-tez barışıq xarakterli müxtəlif bəyanatlar versə də, konkret ortaq işdən söhbət gedəndə müxtəlif bəhanələrlə ondan çəkinir. ABŞ və Fransadakı erməni diasporu, eləcə də Ermənistandakı bəzi məkrli qüvvələr revanşist hisslərdən vaz keçmək istəmir və bu fonda da prosesi yubadırlar. Ermənistan hakimiyyəti isə qətiyyətli hərəkət etmək istəmir. Ötən dövr ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya hələ də yaradılmayıb. Ermənistanın sülh sazişini bağlamaqdan müxtəlif bəhanələrlə yayınması Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamına gəlir. Bu o deməkdir ki, Ermənistan Azərbaycanla mehriban qonşuluq və sülh şəraitində, dinc yanaşı yaşamaqdan imtina edir. Bu da savaş ehtimalını artırır. Qafqazda yeni savaş isə Rusiyaya da sərf etmir. Elə bu səbəbdən gözlənilir ki, Kreml sərhəd məsələsində İrəvana təzyiqləri artıracaq. Ermənistan bunu nəzərə alaraq regionda sülh və əməkdaşlığa xələl gətirən əməllərinə son qoymalı, bunun üçün beynəlxalq ictimaiyyət, o cümlədən üçtərəfli bəyanata imza atan ölkələrdən biri kimi Rusiya da Ermənistana təsirlərini daha da artırmalıdır. Azərbaycanın sülh təşəbbüsləri qüvvədədir və dünya ictimaiyyəti tərəfindən tam dəstəklənir. Bu fonda rəsmi Bakı həmin təşəbbüslərlə bağlı Ermənistandan müsbət cavablar gözləyir. Sözügedən istiqamətdə ölkəmizin çağırışlarının müsbət qarşılanması regionda dayanıqlı sülhün və etimad mühitinin yaradılmasının əsas şərtləri sırasında yer alır.
Samirə SƏFƏROVA