“Biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək”. Bunu Moskvada Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxış edən prezident İlham Əliyev deyib.
Ölkə başçısının sözlərinə görə, bu istiqamətdə işlər ləng gedir: “Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək”.
Maraqlıdır, Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalandığı üçün bundan sonra sözügedən məsələlərin həlli sürətlənə bilərmi? Rusiya bu yöndə səylərini artıracaqmı?
“Bu o deməkdir ki, təkcə Ermənistan bütün bunlara görə məsuliyyət daşımır”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə bununla bağlı konkret proqnoz verməyin çətin olduğunu bildirdi: “Əvvəla, Prezident İlham Əliyevin açıq müstəvidə bunu bəyan etməsi müsbət haldır. Açıq tərzdə ölkə başçısı vurğuladı ki, Ermənistan 10 noyabr razılaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsini yubadır. Bu o deməkdir ki, təkcə Ermənistan bütün bunlara görə məsuliyyət daşımır. Eyni zamanda Rusiyanın da üzərinə məsuliyyət düşür. Çünki 10 noyabr razılaşmasının müəllifi Rusiyadır. Belə olan halda Rusiya öz imkanlarından istifadə edib Ermənistana təzyiq etməlidir. Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanda həm iqtisadi, həm də hərbi baxımdan təmsil olunur. Bu isə Ermənistana ciddi siyasi təzyiq etmək üçün böyük rıçaqdır. Çünki Rusiya hərbçiləri sülhməramlı qüvvələr adı altında Qarabağda fəaliyyət göstərirlər. Ona görə də hesab edirəm ki, Rusiya ciddi maraq göstərsə, Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən yayına bilməyəcək. Prosesi ləngidə bilməyəcək”.
Bu baxımdan partiya sədri bir sıra məsələlərin Rusiyadan asılı olduğunu bildirdi.
Vidadi ORDAHALLI