Ulu öndərin uzaqgörən müdrik və balanslaşdırılmış daxili və xarici siyasətinə güvənən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları dünyanın kəskin siyasi- iqtisadi böhranlar və müharibə intriqaları ilə çalxalandığı bir zamanda bir daha ciddi və qətiyyətli siyasi iradəsi ilə regionda lider zirvəsinə ucaldı.
Hadisələrdən anındaca baş çıxarmaqla çevik siyasət yeridən İlham Əliyev cənabları öz fəaliyyətində həmişə «Ən uzaq qohumdansa yaxın qonşu yaxşıdır» prinsipinə uyğun olaraq region dövlətləri ilə siyasi, iqtisadi əməkdaşlıq, qarşılıqlı anlaşma, mehribanlıq və sülh şəraitində yaşamağın vacibliyinə önəm verməyi üstün tutur. Məhz bu konteksdən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qonşu Rusiya Federasiyasına işgüzar səfəri, həmkarı cənab Vladimir Putinlə görüş zamanı birgə razılığa gələrək dövlətlərimizin və xalqlarımızın mənafelərinə xidmət edən bir sıra rəsmi sənədər imzalaması və vacib bəyannamə qəbul etməsi dünya ölkələrinə və xalqlarına bir nümunədir. Hamımız yer kürəsi adlı bir gəminin sərnişinləriyik. Biz insanlara bu planetdə yaşamaq nəsib olub. Niyə də ömrü müharibəsiz, qan-qadasız, bolluq və firavanlıq içərisində yaşamayaq?!
Biz də Yevlax gəncləri olaraq öz düzgün diplomatik siyasi gedişləri ilə müstəqil dövlətimizin daha qüdrətli gələcəyi naminə qətiyyət, siyasi iradə və canyanğısı ilə yorulmadan çalışan dövlət başçımıza güvənir, onun ətrafında daha sıx birləşərək tutduğu haqq yolunu, düzgün mövqeyi ürəkdən dəstəkləyirik. Heç şübhəsiz Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin birgə imzaladığı «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında» bəyannamə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək, regionda sülh və əmin-amanlığa xidmət edəcəkdir.
Elgün ƏZİZOV,
«Yevlax Gənclər Evi» sosial xidmət müəssisəsinin direktoru