Rusiya prezidenti Vladimir Putinin qondarma “Donetsk və Luqansk Xalq Respublikalarının” “müstəqilliyini” tanımaq barədə fərmanı separatçıların “cana” gəlməsinə səbəb olub. Qondarma Abxaziyanın separatçı başçısının Putinin yanlış qərarına dəstək verməsindən sonra Qarabağdakı separatçıların başçısı Araik Arutunyan başını başlara qoşmağa çalışır, o da özü kimi separatçılardan geridə qalmaq istəmir.
Separatçıbaşı, Qarabağ canisi Artununyan Rusiya prezidenti Vladimir Putinə yaltaqlanaraq, onun “Donetsk və Luqansk Xalq Respublikalarının” “müstəqilliyini” tanımaq qərarını alqışlayıb və bununla bağlı “bəyanat” verib.
Artununyan Putinin Donesk və Luqansk qondarma rejimləri barədə qərarına “dəstək” verib, bundan sonra Azərbaycan nə etməlidir?
“Rusiyanın separatizmi dəstəkləməsi Araik kimilərinin yerindən səslənməsinə, qondarma “bəyanat” verməsinə gətirib çıxarır”
AMEA-nın Fəsələfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Putinin iki qondarma rejimlə bağlı fərman imzalaması mənfi bir haldır: “Putinin sözügedən qondarma rejimlərin “müstəqilliyini” tanımaq barədə fərman imzalaması qəbuledilməzdir. Sözün açığı, Rusiyanın bu istiqamətdə addımlarını davam etdirməsi təəssüf doğurur. Əvvəllər Abxaziyanın, Cənubi Osetyanın, indi isə Luqansk və Donbasın “müstəqilliyini” qəbul etməsi Rusiyanın adına çox ciddi yanlışlıqlardır. Şübhəsiz ki, Rusiyanın bu cür addımlar atması separatçıları da müəyyən mənada canlandırır. Xüsusilə də, 44 günlük müharibə nəticəsində məhv edilmiş qondarma rejimin qalıqları olan separatçılar bundan ümidlənirlər. Onlar da Rusiyaya ümidlər bəsləyirlər. Separatçı tör-töküntünün başçısı Araik güman edir ki, Rusiya onlara da hansısa “şans” yarada bilər. Şübhəsiz ki, bütün işlərin mahiyyətində məhz Rusiyanın separatçıları dəstəkləyən addımlar atması dayanır. Putinin Luqansk və Donbasla bağlı atdığı addımlar separatçı Arutunyanı da həvəsləndirir. Əlbəttə, Azərbaycan bu məsələni böyük ölçüdə həll edib. Amma Rusiyanın separatizmi dəstəkləməsi Araik kimilərinin yerindən səslənməsinə, qondarma “bəyanat” verməsinə gətirib çıxarıb. Hesab edirəm ki, bunun birdəfəlik həllini tapmaq lazımdır. Azərbaycan dövləti artıq qəti şəkildə separatçıların varlığına son qoyulmalı olduğunu ciddi şəkildə ortaya qoymalıdır. Dövlətimiz, ölkə rəhbərliyi Araik kimi separatçıların kökünü Qarabağdan birdəfəlik kəsməlidir. Əks təqdirdə separatçıbaşı bu kimi sərsəmləmələrini davam etdirəcək”.
F.Ələkbərlinin fikrincə, bütün məsələnin mahiyyətində məhz Putinin, Rusiya dövlət rəhbərliyinin atdığı yanlış addımlar dayanır, bunu başqa cür adlandırmaq mümkün deyil. F.Ələkbərlinin sözlərinə görə, Azərbaycan hökuməti birdəfəlik separatizmin kökünü kəsmək haqqında ciddi şəkildə düşünməlidir. “Azərbaycan dövləti separatçıların kökünü kəsmək üçün addımlar atmalıdır, çünki buna ciddi əsaslar var. Məsələni kökündən tam həll etməsək Arutunyan kimi canilərin, separaçıların sərsəm fikirləri davam edəcək. Ona görə də, bu məsələlərə birdəfəlik son qoyulmalıdır”- deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA