Bakı İrəvandan Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı öhdəliyi tam yerinə yetirməsini tələb edir. Bunu Prezident İlham Əliyev deyib.
“Biz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Bəyannamənin Ermənistan qoşunlarının Qarabağ ərazisindən çıxarılması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması ilə bağlı bütün bəndlərini tam yerinə yetirəcəyini gözləyirik”, - deyə İ.Əliyev bu gün Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycan müharibədən bir il sonra artıq Ermənistanla iki beynəlxalq format çərçivəsində əməkdaşlıq edir ki, bu da Azərbaycan tərəfinin pozitiv niyyətindən xəbər verir.
“Bir ildən bir qədər artıq müddətdən sonra Azərbaycan və Ermənistanın ən azı iki beynəlxalq formatda əməkdaşlıq etməsi, daha dəqiq desək, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun, həmçinin Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasının yaradılması artıq bizim niyyətlərimizin göstəricisidir”, - deyə dövlət başçısı bildirib.