19 May 2021-ci ildə İmişli rayonu Ağsaqqallar Şurasının konfransı keçirilib. İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və bir qrup rayon ağsaqqalı iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra iclas öz işinə başlayıb. İclasın aparılması üçün sədr və katib seçilərək gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və Rayon Ağsaqqallar Şurasının üzvləri səsvermə üsulu ilə müəyyən olunub. Sonra Əmirov Ramiz Cahangir oğlu İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov Azərbaycan ağsaqqallarının xalqımızın həmrəy olmasında vacib bir rolunun olduğunu və gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildirib. Xalqımızın mənəvi dünyasında ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub və hər zaman onların xeyir-duasının alınmasının, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilməsini diqqətə çatdırıb. İmişli rayon Ağsaqqallar Şurasının yeni sədri Ramiz Əmirov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.