ATƏT-in Minsk qrupunda böhranın olduğu aydındır, çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəaliyyəti müvəffəqiyyətsizliyə uğrayıb, lakin qrupu reanimasiya etmək cəhdləri davam edəcək. Baki-xeber.com xəbər verir ki, bunu Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
Markov bildirib ki, ATƏT-in Minsk qrupunda böhranın olduğu tam aydındır. “Onun fəaliyyəti müvəffəqiyyətsizliyə uğrayıb və hərbi əməliyyatların bərpasına gətirib. ATƏT-in Minsk qrupunun həmsədrləri destruktivlik möcüzələri nümayiş etdirdilər, əslində, diplomatiya dərsliklərində Fransanın Minsk qrupundakı rolunu diplomatik sabotaj kimi qələmə vermək olar. Düşünürəm ki, Fransanı həmsədrlərin sırasından çıxarılması ilə bağlı təklifi tamamilə əsaslıdır. Ümumilikdə, Minsk qrupunun tam tərkibdə toplanması və yeni həmsədlər seçməsi ideyası ağıllı və məntiqə uyğundur. Əgər həmsədrlər arasında Fransa varsa, o zaman Türkiyənin də olması məntiqlidir. Əgər Azərbaycanın birbaşa müttəfiqi kimi Türkiyə bura daxil edilməsə, onda Ermənistanın birbaşa müttəfiqi kimi Fransanın da çıxarılması məntiqə uyğundur”, - o vurğulayıb.
Bununla əlaqədar politoloq Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin bu region ətrafındakı böyük dövlətlərin – Rusiya, Türkiyə və İranın daxil olduğu altıtərəfli formatın qurulmasına başlanmasını vacib hesab edir. “Bu çox perspektivlidir. Xüsusilə ona görə ki, bütün bu ölkələrin həm xarici siyasi,həm də iqtisadi əməkdaşlığa ümumi marağı var”, - Markov hesab edir.