Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb. Məlumatda deyilir: "Azərbaycan diasporunun aktivliyi, beynəlxalq aləmdə öz sözünü cəsarətlə deməsi və xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın müdafiəsində vahid mövqedən çıxış etməsi müasir dövrün danılmaz reallığıdır.
Müşahidələr göstərir ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycan diasporunun göstərdiyi fəallıq, qazandığı uğurlar daimi işğalçılıq xisləti ilə yaşayan erməniləri ciddi narahat edir.
Hər zaman olduğu kimi, son dövrlərdə də ermənilərin davamlı olaraq Azərbaycan diaspor mərkəzlərinə, Azərbaycan evlərinə zərər vurması, sosial şəbəkələrdə təxribata cəhd etmələri müşahidə olunur. Bir neçə gün öncə, may ayının 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə (11A, Bld. Joseph II L-1840 Luxembourg) hücum olunması, qapı və pəncərələrin sındırılması, mərkəzə ciddi zərər vurulması bunun bariz nümunəsidir. Təəssüf ki, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir. Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbilə çox vaxt ictimailəşdirilmir.
Diasporumuzdan daxil olan məlumat və müraciətləri ümumiləşdirərək qeyd edirik ki, Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki, baş verənlərə hüquqi qiymət veriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təxribatçı hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırırıq".
Maraqlıdır ki, Belçika, Niderland və Lüksemburqda 44 günlük müharibədən sonra anti-Azərbaycan fəaliyyətlır artıb. Həmin ölkələrdən bəzilərinin parlamenti hətta “Arsaxı” tanımağa çağırıb. Bizim Prezident bir neçə dəfə Lüksemburqun adını çəkdi. Deyib ki, biz bir neçə Luksemburq boyda ərazini azad etmişik. Naxçıvanda səfərdə olarkən Kanada barədə dedi ki, bunlar da ikinci Lüksemburq olmaq istəyir?
Luksemburqdakı son hadisə oradakı erməni mafiyasının Prezident Əliyevin çıxışlarına reaksiyası ola bilərmi?
Tanınmış diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim haqsızlıqla qarşılaşdığımız hər bir ölkədə erməni barmağı var: “Lüksemburqda baş verən hadisədən əvvəl həmin ölkənin parlamentinin bizə qarşı qərəzli mövqeyini gördük. Düzdür, bu ölkənin özündən uzaq regionda baş verən hadisələrə ciddi təsir imkanları yoxdur, ola da bilməz. Ancaq bizim üçün ümumi prosesin hardan idarə edildiyi çox maraqlıdır. Bəli, Prezident Lüksemburqun adını bir neçə dəfə çəkib. Bir dəfə ərazi ilə müqayisə edib, ikinci dəfə haqsızlıqla bağlı paralel aparıb. Burada qeyri-adi heç nə yoxdur. İstisna deyil ki, erməni diasporu bu çıxışlarla bağlı həmin ölkədə başqa rəy yaratmağı bacarıb. Belə olmasaydı, bizim diasporumuza aid bina basqına məruz qalmazdı. Özü də basqın edilən qurumun adı birbaşa Qarabağla bağlıdırsa, deməli, burada erməni barmağının olduğu danılmaz faktdır. Hesab edirəm ki, bu istiqamətdə ciddi işlər aparmalıyıq. Mən Diaspor Komitəsinin həmin istiqamətdə zəif fəaliyyətini görürəm. Ermənilər xırda bir ölkənin əhalisini bizim ölkənin əleyhinə qaldıra bilirsə, biz niyə bunu bacarmırıq? Deməli, əlaqədar qurumların fəaliyyətində çatışmazlıq var. Yalnız bir etiraz bəyanatı ilə kifayətlənmək olmaz. Səfirliklər, Diaspor Komitəsi və yerli diaspor təşkilatlarının əlaqəsi düzgün koordinasiya edilməlidir. Ölkə başçısı haqqı deyibsə, bunun əsl mahiyətini Lüksemburq vətəndaşlarına düzgün çatdırmaq bizim borcumuzdur. Ermənilərin işi isə təhrif etməkdir”.
Məhəmmədəli QƏRİBLİ