Qondarma “erməni soyqırımı”nı tanıdıqdan sonra ABŞ-ın İsrailə yeni silah partiyası satmaq niyyəti Vaşinqton və Ankara arasında yeni narazılığa səbəb olub. Türkiyə hesab edir ki, İsrailin Fələstinə qarşı başlatdığı yeni hərbi əməliyyatlar fonunda ABŞ-ın bu addımı qəbuledilməzdir.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden İsrailə 735 milyon dollar dəyərində silah satışı müqaviləsini təsdiqləyib. Müqaviləyə əsasən, İsrail ABŞ-dan yüksək dəqiqlikli silahlar və xüsusi döyüş sursatı alacaq. ABŞ prezidenti isə "Həmas" və Qəzzadakı digər terror qruplaşmalarının raket hücumlarına qarşı İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiyini bildirib. Bu fonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Baydenin İsrailə silah satışını nəzərdə tutan qərarı imzalamasını pisləyib: "Hörmətli Bayden, qondarma “soyqırımı” məsələsində də ermənilərin tərəfində oldunuz. İndi də qanlı əllərinizlə bir tarix yazırsınız". Belə bir vaxtda ABŞ və Türkiyə arasında S-400 raketdən müdafiə sistemləri ilə bağlı qalmaqal da böyüyür. Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Türkiyə Rusiyadan silah almağa davam edəcəyini bildirir. Vaşinqton Rusiyanın S-400 raketdən müdafiə sistemlərini satın almasını dayandırmaq üçün Ankaraya təzyiqlərini artırdıqca, Türkiyənin müdafiə naziri Hulusi Akar Amerikanın tələblərini rədd edərək, ölkəsinin niyyətinin dəyişmədiyini bəyan edib: "S-400 bir hücum sistemi deyil. Yerləşdiyi yerdən asılı olmayaraq, bu sistem heç kimə təhdid yaratmır”. Vaşinqton isə S-400 raketinin inkişaf etmiş radarının NATO müdafiə sistemləri üçün təhlükə olduğunu deyir və onun çıxarılmasına çağırır. Lakin Ankara Rusiya raketlərinin daha bir partiyasını satın almağı düşündüyünü bildirib. Hökumətə yaxın mənbələrdən biri hətta mediaya açıqlamasında Türkiyənin artıq Moskva ilə müqavilə bağladığını deyib. ABŞ dövlət katibi Antoni Blinken isə bundan əvvəl Türkiyəyə, əlavə S-400 raket sistemləri də daxil olmaqla, Rusiyadan digər silahlar alacağı təqdirdə bu ölkənin sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Onu da xatırladaq ki, S-400-lə bağlı narahatlıqlar Vaşinqtonun Türkiyənin köhnəlmiş döyüş təyyarələrini Amerikanın müasir F-35 təyyarələri ilə əvəz etməsini əngəlləməsi ilə nəticələnib. Bu fonda Türkiyə prezidentinin müşaviri Mesut Kaşin Vaşinqtonun Türkiyəni Rusiya ilə hərbi əlaqələrini daha da dərinləşdirməyə vadar etdiyi barədə xəbərdarlıq edib: "Bizim 200 döyüş təyyarəsinə ehtiyacımız var. Bu, masa üzərindəki gerçəklikdir. Lakin ABŞ döyüş təyyarələrini vermir, üstəlik, "Rusiyanın döyüş təyyarələrini almanızı istəmirik" deyir. Ancaq ABŞ döyüş təyyarələrini verməzsə, biz Rusiya təyyarələrini ala bilərik, çünki döyüş təyyarəsinə ehtiyacımız var". Türkiyənin bu yanaşması fonunda bir müddət əvvəl Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidməti Moskvanın Ankaraya müasir Su-57 və Su-35 döyüş təyyarələrini satmağa hazır olduğunu bildirib. Federal Xidmətdən bildirilib ki, yeni təyyarələrin ilk olaraq Türkiyəyə tədarükü üçün danışıqların davam etdirilməsinə hazırdırlar: "Əgər bu təyyarəyə maraq olarsa, biz bu məsələ ilə bağlı danışıqların davam etdirilməsinə hazırıq". Rusiya Müdafiə İxracatı Federal Dövlət Unitar Müəssisəsi (“Rosoboroneksport”) də bildirir ki, artıq 5-ci nəsil Su-57 qırıcılarının satışını konsaltinq və strateji tərəfdaşlara təklif etməyə hazırdır. Şirkətin baş icraçı direktoru Aleksandr Mixiyev bu barədə aşağıdakıları bildirib: “Hazırda Su-57E çoxfunksiyalı beşinci nəsil qırıcılarının tədarükü ilə bağlı dünyanın ayrı-ayrı ölkələri ilə ilkin məsləhətləşmələr aparırıq. “Rosoboroneksport”, Rusiyanın strateji tərəfdaşları maraqlanacağı təqdirdə, Su-57 satmağa hazırdır”.
Xatırladaq ki, Su-57 hər növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanmış Rusiyanın beşinci nəsil döyüş təyyarəsidir. Mütəxəssislərin fikrincə, yüksək manevr xüsusiyyəti və səsdən sürətli uçuş həyata keçirmə qabiliyyətilə yanaşı, müasir tipli gəmi avadanlığı kompleksi Su-57-nin rəqiblərindən üstünlüyünü təmin edir. Rus ordusuna ilk təyyarə 2020-ci ildə təhvil verilib. Hazırda Su-57 bəzi parametrlər baxımından rəqiblərini xeyli qabaqlayır. Məsələn, Su-57 beşinci nəsil qırıcıları arasında ilk olaraq hipersəs raketlərini daşıyır. Qeyd edək ki, Su-57 “Suxoy” kompaniyasında hazırlanıb. Rusiyanın yeni platformada ən müasir hərbi təyyarəsidir. Çoxfunksiyalı Su-57 uzaq və yaxın məsafəli döyüşlərdə hər növ hava hədəflərini məhv etmək, düşmənin hava müdafiəsini yararaq yer və suüstü hədəfləri dağıtmaq, bazadan uzaq məsafədəki hava məkanını izləmək və düşmən aviasiya idarəetmə sistemini darmadağın etmək üçün nəzərdə tutulub. Təyyarə yüksək dərəcədə texnoloji inkişafa çatdırılıb və Suriya səmalarında döyüş şəraitində sınaqdan keçirilib. Su-57 qırıcısı idarəetmənin yüksək səviyyədə avtomatlaşdırması və heyətin intellektual dəstəyinə inteqrasiya olunmuş yeni avionika kompleksi ilə təchiz edilib. İdarəetmə mərkəzlərində avadanlıq yerüstü idarəetmə sistemləri ilə və aviasiya qrupu daxilində real vaxtda məlumat mübadiləsinə imkan verir, yaxud tapşırıqları avtonom şəkildə yerinə yetirir. Su-57-nin prioritetləri və silahlanması Amerikanın F-22 və F-35 qırıcıları ilə müqayisədə daha böyük məsafələrdə təhdidləri aşkar etməyə və aradan qaldırmağa imkan verir. Bu qırıcıların timsalında hərbi əməliyyatların aparılmasında texnologiyaların və konsepsiyaların kompleks mübarizəsi uğurla həyata keçirilir. Bu ən yeni döyüş təyyarəsi 400 kilometrə qədər məsafədə hava və yerdəki hədəfləri aşkarlaya, 62 obyektə qədər izləyə və hədəf təyinatlarını digər təyyarələrə, məsələn, zərbə PUA-larına ötürə bilir. Amerikanın "Military Watch Magazine" nəşri Rusiyanın hipersəsli raketlər və yeni Saturn-30 mühərriklərinin inteqrasiyası ilə Su-57-nin dizayn imkanlarını altıncı nəsil səviyyəsinə daha da yaxınlaşdırdıqdan sonra bu qırıcılara tələbatın daha da artacağından bəhs edir. Üstəlik, döyüş yükünün təyyarənin ağırlığına nisbəti dördüncü nəsil qırıcılarındakından xeyli yüksəkdir və süni intellekt Su-57-nin ağır hücum dronları ilə birlikdə uğurla işləməsinə imkan verir. Su-57 qırıcısı həm də onunla unikaldır ki, onda altıncı nəsil texnologiyalarının bəzi xüyusiyyətləri öz əksini tapıb. O, təsirli döyüş vahidi olmaqla yanaşı, həm də bir növ elmi laboratoriya, tədqiqat poliqonu sayıla bilər. Pilotlu Su-57 avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirməyə və hətta əvvəlcədən hazırlanmış bir proqramla tam avtomatik rejimdə işləməyə qadirdir. Türkiyə ilə yanaşı, Azərbaycanın da perspektivdə bu təyyarələri əldə etməsi mümkün sayılır.
Tahir TAĞIYEV