Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr bir daha rəsmi İrəvanın gülünc vəziyyətə düşməsi ilə nəticələndi. Adi sərhəd dəqiqləşdirilməsi məsələsini Ermənistanın bütün siyasi qüvvələri Azərbaycanın bu ölkəyə təcavüzü kimi qələmə verməyə çalışmasının ardından İrəvan böyük hay-küy qaldırmağa, ilk növbədə Rusiyanı Azərbaycanla silahlı qarşıdurmaya sövq etməyə çalışdı.
Xatırladaq ki, Laçın rayonu istiqamətində Azərbaycanın öz dövlət sərhədlərində sərhədçilərini yerləşdirməsi İrəvanda “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirilib. Ermənistan rəhbərliyi kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib, eyni zamanda Rusiyadan hərbi yardım istəyib. Məsələyə münasibət bildirən Prezident İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu tamamilə əsassızdır, çünki sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir. Onu da xatırladaq ki, keçən həftə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentin növbədənkənar iclasında bildirib ki, Azərbaycanla sərhəddə yerləşən Zəngəzur bölgəsindəki vəziyyətlə əlaqədar, hərbi yardım da daxil olmaqla, Rusiya prezidenti Vladimir Putindən kömək istəyib. Paşinyan Belarus lideri Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarova da bununla bağlı zəng edib. Hadisəni böhran adlandıran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT baş katibi Stanislav Zasa zəng edib və Azərbaycan tərəfinin arqumentlərinin “əsası olmadığı” haqda ənənəvi erməni yalanını deyib. Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də danışıb və ondan yardım istəyib. Ermənistan xarici işlər nazirinin müavini Artak Apitonyan ölkədəki səfirlərlə görüşüb və Azərbaycanın Ermənistanın guya sərhədlərinə müdaxilə etdiyi yalanını yenidən səsləndirib. Ermənistan Müdafiə Nazirliyi isə ölkədəki səfirliklərin hərbi attaşeləri ilə nazirlikdə görüş keçirib və onları inandırmağa çalışıblar ki, Qaragöldəki bəhs edilən ərazi Ermənistana aiddir. Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan KTMT baş katibi Stanislav Zas, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya FTB-nin Sərhəd Xidmətinin rəhbəri general-polkovnik İqor Konstantinovla “sərhədlə bağlı” müzakirələr aparıb. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə danışıb və dəstək istəyib. Lakin Ermənistanın yalanı bu dəfə keçməyib. Məsələnin mahiyyətindən xəbərdar olan Rusiya, yumşaq şəkildə deyilsə, Ermənistanın hərbi yardım istəlklərini rədd edib. Rusiya prezidentinin sözçüsü Dimitri Peskov bu xüsusda bildirib: “Rusiya Bakı və İrəvanla daim təmasdadır. Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir”. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativsizliyinin tərəfdarıdır: “Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır. Həmçinin, biz Bakı ilə də daim təmasdayıq. İndi gərginliyi aradan qaldırmaq və vəziyyəti düzəltmək üçün güclü səylər göstərilir”. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Moskva Azərbaycan və Ermənistana sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərində öz köməyini təklif edib: “Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Orada bircə güllə də atılmayıb, bircə toqquşma da baş verməyib. Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insanları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”. Lavrovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi ilə heç vaxt heç kim məşğul olmayıb: “Və biz tərəflərə təklif etmişik ki, onlar bu işə başlasınlar, biz bu işdə onlara kömək etməyə, həm kartoqrafik materiallar, həm də məsləhət xidmətləri təqdim etməyə hazırıq”. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da Ermənistanın narahatlığı üçün heç bir əsas olmadığını bildirir: “Rusiya sərhəddəki gərginliyin aradan qaldırılmasında Azərbaycan və Ermənistana, hər iki dövlətdən belə bir müraciət gələrsə, kömək edəcək. Bu normal haldır ki, tərəflər belə bir şəraitdə bizə kömək, yardım, vasitəçilik üçün müraciət edirlər, özü də 9 noyabr və 11 yanvar tarixli bəyanatların hazırlanması kontekstində təcrübə mövcuddur. Buna görə də, belə bir müraciət yalnız tərəflərdən birindən deyil, bütün iştirakçılardan gəlsə, mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam, o zaman əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq".
Baş verənləri şərh edən erməni ekspert Karen Ohancanyan bildirir ki, Rusiya bu məsələdə çirkli oyun oynayır. Ohancanyan qeyd edir ki, Rusiya Ermənistanın KTMT-dəki tərəfdaşı olaraq, nəinki bu hadisələrin qarşısımı almadı, hətta öz xarici işlər naziri Sergey Lavrov vasitəsilə bənzər fəaliyyətləri dolayı şəkildə təşviq etdi. O iddia edib ki, Ermənistanın əsl sərhədlərini dəyişmək üçün Azərbaycan, Rusiya və Ermənistanın xain rejimi arasında birmənalı sui-qəsd var. Digər politoloq Hayk Martirosyan da eyni mövqedədir: “Mehri dəhlizi təhvil verilir. Erməni xalqı, bugünkü yeganə cavabdeh sənsən. Sən bəşəriyyət tarixində ən böyük xainə və qurda dözdün. Sən öz səssizliyin və passivliyinlə minillik evini əlindən almaq, minillik millətini məhv etməklə bağlı heç nələrin qəbul etdiyi qərarı qəbul etdin. Evlərdə oturmağa, statuslar yazmağa və huşunuzu itirməyə davam edin. Küçəyə çıxmayın, xaini uzaqlaşdırmayın, sizi məhv etmiş Rusiyanı qovmayın”.
Nahid SALAYEV