Petrosyan Paşinyana da, Köçəryana da yox dedi, özü hakimiyyətə gələ bilərmi…

Qabil Hüseynli: “Reallıq budur ki, Ter-Petrosyanın hakimiyyətə gəlmək kimi şansı yoxdur”

img

“Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində nə Nikol Paşinyanı, nə də Robert Köçəryanı hakimiyyətə buraxmaq olmaz. Onların hər ikisi Ermənistan üçün faciədir.  İkisindən birinin seçkilərdə qalib gəlib hakimiyyəti idarə etməsilə ölkədə daxili siyasi proseslər sabitləşməyəcək, əksinə, daha da dərinləşəcək”.

 

Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib. Əlavə edib ki, ona görə də hər üç sabiq prezidentin vahid blokdan çıxış etməsi təklifini irəli sürüb, ancaq Köçəryan bunu rədd edib: “Odur ki, mənim indi əsas fəaliyyətim təkcə Paşinyanın deyil, o cümlədən Köçəryanın da qələbə çalmasına imkan verməməkdir”.

Ter-Petrosyan onu da bildirib ki, seçkiilərdə Paşinyan, yaxud Köçəryan qalib gələrsə dünya onlara güləcək.

Köçəryanın hakimiyyət uğrundakı mübarizəsinin əsas səbəbini açıqlayan Ter-Petrosyan deyib ki, onun üçün milli və dövlətçilik maraqları önəmli deyil, ümumiyyətlə, onda belə bir düşüncə də yoxdur: “Onun əsas hədəfi hər vəchlə hakimiyyətə gəlib Paşinyandan qisas almaqdır”.

Bütün bu deyilənlərin fonunda Levon Ter-Petrosyanın hakimiyyətə gəlmək şansını necə dəyərləndirmək olar?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ter-Petrosiyanın reytinqinin Ermənistanda yüksək olduğunu zənn etmir: “Onun özü Livan ermənisidir. Atası Livanda Kommunist Partiyasının sədri olub. Bir şəxsiyyət kimi o, Paşinyandan da, Köçəryandan da müsbət adamdır. O prezident olanda Paşinyan onun yanında hərlənirdi. Sonra Paşinyan hakimiyyətə gəldi, onun ən böyük məsləhətçisi Ter-Petrosyan idi. Müharibədəki uğursuzluqdan sonra onun özü də Paşinyanı tənqid etməyə başladı. Nəzərə almalıyıq ki, Xocalı soyqırımı və bizim torpaqların işğalının böyük hissəsi məhz Ter-Petrosiyanın dönəmində olub. Onu keçmişin mənəvi məsuliyyətindən azad etmək lazım deyil. O, radikal deyil, normal sülhə can atırdı. Amma onun istədiyi sülhün məğzində əsassız erməni iddiaları əsas yeri tuturdu. Reallıq budur ki, Ter-Petrosyanın hakimiyyətə gəlmək kimi şansı yoxdur. Rusiya da buna razı olmaz. Real, şəffaf seçkilər olacaqsa, Paşinyan qalıb gələcək. Seçkiyə Rusiya əl qatacaqsa, onda ara qarışacaq. Ermənistan üçün ən optimal variant Paşinyanın hakimiyyətə gəlməsidir”.

Politoloqun sözlərinə görə, bölgədə sülhün təminatı üçün də Paşinyan məqbul variant sayılır: “Ermənistanda hakimiyyətsizliyin yaranması revanşist əhval-ruhiyyəni gücləndirə bilər ki, bu da Qarabağ problemini yenidən qaynar fazaya qaytarmış olar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər