Şuşadakı yeni məscid barədə Prezidentin ideyaları islam memarlığında yeni ornamentlərə çevrilə bilər

Ənvər Çingizoğlu: “...layihəsinin ideyası cənab Prezident tərəfindən irəli sürülən məscid Şuşanın azadlığının simvoludur”

img

...Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. On birinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.

Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 Noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı...”.

Bu fikirləri Prezident İlham Əliyev mayın 12-də Şuşada yeni məscidin təməlini qoyarkən söylədiyi nitqdə bildirib.

  • “İndiyə qədər 8 guşəli məscidlərimiz olub, amma forması 8 rəqəmini əks etdirən məscidimiz olmayıb, bu, çağdaş islam memarlığında ilkdir”

Tarixçi-etnoqraf Ənvər Çingizoğlu hesab edir ki, Şuşada yeni bir məscidin təməlinin qoyulmasının özünün böyük simvolik, rəmzi mənası var.
Ə.Çingizoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin ideyası əsasında inşa ediləcək yeni Şuşa məscidinin təməlinin ölkə başçısı tərəfindən qoyulması çox mühüm tarixi hadisədir. Ə.Çingizoğlunun dediyinə görə, Şuşanın azadlığının simvolu olan bu məscidin 8 Noyabr tarixini, 11-ci ay hikmətini əks etdirməsi özü bir möhtəşəmlikdir: “Ölkə başçısı tərəfindən təməli qoyulan və layihəsinin ideyası cənab Prezident tərəfindən irəli sürülən məscid Şuşanın azadlığının simvoludur. Şuşa 2020-ci ilin 11-ci ayında, yəni 8 noyabrda azad edilib, məscidin təməli isə 11 ayın sultanı Ramazan ayında qoyulub. Bütün bunlar hamısı bir-birilə səsləşən, məntiqi harmoniya yaradan rəmzlərdir. Cənab Prezident də vurğuladı ki, Şuşadakı mövcud olmuş məscidlərin hamısı eyni memarlıq üslubunda inşa edilib, amma yeni məscid tamamilə yeni bir ideya əsasında tikiləcək.

Bilirsiniz ki, məscidlər öz memarlıq quruluşlarına görə özlərində ən mühüm tarixi hadisələri simvollaşdırırlar. Ümumiyyətlə, tarixi tikililərin memarlıq həlli həmişə özündə böyük mənalar, mətləblər gizlədir. İndiyə qədər 8 guşəli məscidlərimiz olub, amma forması 8 rəqəmini əks etdirən məscidimiz olmayıb, bu, çağdaş islam memarlığında ilkdir. Şuşanın azadlığı bu şəkildə də simvollaşdırılır. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar, turistlər bu məscidin tarixi ilə maraqlandıqda onun ornamentləri, ifadə etdiyi rəmzi mənaları da öyrənəcəklər. Hesab edirəm ki, ölkə başçısının bu ideyası memarlığımıza yeni mövzular verəcək” - deyə Ə.Çingizoğlu qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər