Şuşada məşhur "Xarıbülbül" festivalı dünyaya hansı mesajları verdi...

Pərvin Kərimzadə: “44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var”

img

Artıq bir neçə gündür ki, regionun və ətraf ölkələrin gözləri bütün Qafqazın incisi olan Şuşa şəhərinə fokuslanıb. Müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusunu darmadağın etməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsində azad edilməsindən 6 ay keçməsinə baxmayaraq, artıq Şuşada çox böyük əks-səda doğuran “Xarıbülbül” festivalı keçirildi.

Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən və iki gün davam edən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb. Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edərkən orada ənənəvi olaraq keçirilən bütün tədbirlərin, xüsusilə də “Xarıbülbül” festivalının və “Vaqif poeziya günləri”nin bərpa ediləcəyini qeyd etmişdi. Artıq həmin əhəmiyyətli tədbirlərdən biri - “Xarıbülbül” festivalı çox yüksək səviyyədə və elə Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşanın adına layiq şəkildə keçirildi.

Tədbirin açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Qeyd etdiyimiz kimi, Şuşada keçirilən “Xarıbülbül” festivalından dünyaya mesajlar verildi.

  • “Dünyaya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyi mesajı verildi”

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirdi ki, 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. “Mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq, hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Festivalın açılışındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu mesajın əhəmiyyətini xüsusi vurğuladı”.

Millət vəkili onu da bildirdi ki, dünyaya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyi mesajı verildi.

Günel CƏLİLOVA

Son xəbərlər