Prezidentin Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunu daha da gücləndirmək planlarının əsas hədəfi...

img

Məlum olduğu kimi Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ərazidə Start Komanda, Təhlükəsizlik Baxış, Texniki Nəzarət Məntəqələri, aviasiya texnikalarının saxlanması üçün anqarlar yaradılıb. Buradakı şərait bir daha təsdiqləyir ki, Silahlı Qüvvələrin idarə edilməsi sistemi kompleks şəkildə davam etdirilir və bu məsələdə Naxçıvan Muxtar Respublikasının müdafiəsi diqqət mərkəzində saxlanır.

Belə bir önəmli hərbi obyektin Naxçıvanda açılması həmin bölgə üçün hansı hərbi-strateji anlamı daşıyacaq?

“Yeni hərbi aerodromun yaradılması həm də həmin əraziyə ağır hərbi təyinatlı yüklərin  operativ daşınmasını təmin edəcək”

Hərbi-siyasi ekspert Ramil Məmmədli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dövlətin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirib: ”Təsadüfi deyil ki, 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra - 2018-ci ildə ordumuzun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bütün bunlar isə mətin ordumuzun qəhrəmanlığı sayəsində mümkün olub. Belə bir aerodromun yaradılması olduqca strateji önəm daşıyır. Uzun illərdi Azərbaycan Ordusunun  bütün daşınmaları Naxçıvanda yeganə olan hava limanı üzərindən aparılırdı. İri tonnajlı  hərbi təyyarələrin mülki aeroportun imkanlarından istifadə etməsi bəzən problemlər də yarada bilirdi.  Düzdür, Naxçıvan aeroportu bu işin öhdəsindən tam gələ bilirdi. Ancaq etiraf edək ki, elə hərbi yükıər var ki, onların MR-ə gəlişi hərbi sirr sayılır. Onları mülki şəxslərin görməsi qadağandır. Bu baxımdan, yeni hərbi aerodromun yaradılması həm də həmin əraziyə  ağır hərbi təyinatlı yüklərin operativ daşınmasını təmin edəcək. Naxçıvan Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Həm siyasi, həm hərbi baxımdan önəmlidir. SSRİ vaxtında da bir çox strateji hərbi hissələr məhz Naxçıvanda yerləşdirilmişdi. Aerodromun yaradılması Ordumuzun həmin ərazidə daha da  gücləndirilməsinə, təminatının sürətlənməsinə səbəb olacaq”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər